Yasamalda binaların eyvanları sökülür - VİDEO
"Yasamal rayonunda 534-cü məhəllədə yerləşən 1 saylı binada səhər saatlarından etibarən söküntü işlərinə başlanılıb. Bu dəfə hədəfdə binanın eyvanlarıdır. Artıq 5 mərtəbəli binanın eyvanlarının yarıdan çox sökülüb".
Söküntüyə cəlb edilən ustalardan öyrəndik ki, sökülən eyvanlar binanın proyektindən kənar tikilən eyvanlardır. Həmin eyvanlar da vətəndaşlar tərəfindən qeyri-qanuni, sənədsiz tikililər hesab olunur. Söküntünü isə Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir.
Sözü gedən ünvanda yaşayan sakinlər isə deyir ki, tikililər qanunidir və bununla bağlı İcra Hakimiyyəti tərəfindən verilən müvafiq qərar da mövcuddur. Hətta sakinlər bu icazə sənədlərini səhər saatlarında əraziyə baxış keçirən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevə də təqdim ediblər. İcra başçısı isə müvafiq olaraq məsələnin araşdırılacağını bildirib. Hər halda bunu sakinlər iddia edir.
"Görünən isə odur ki, günorta saatları olmasına və eyni zamanda da söküntünün sürətlə davam etməsinə baxmayaraq suallarımızı cavablandıracaq iş icraçılarından kimsə gözə dəymədi".
Özünü Bakı Şəhər Mənzil İstismarı Təsərrüfat sahəsinin əməkdaşı kimi təqdim edən şəxs isə bildirdi ki, görülən işlər şəhərdə aparılan abadlıq-quruculuq işləri ilə əlaqəlidir. Sözü gedən ərazidə yeni yolun çəkilişi ilə əlaqədar olaraq binaların yenidən üzlənməsi nəzərdə tutulub. Bu səbəbdən də binanın yeni görkəmində əlavə tikililərin sökülməsinə qərar verilib. Köhnə eyvanların yeniləri ilə əvəz ediləcəyini deyən İcra Hakimiyyəti nümayəndəsi bildirib ki, əgər hər hansı bir sakin tərəfindən narazılıq qeydə alınarsa həmin məsələ dərhal araşdırılacaq.