Xəzərin statusunun müəyyənləşdirilməsi üçün nə lazımdır?

“Ölkələrimiz arasında Xəzər dənizi çərçivəsində həyata keçirilmiş əməkdaşlıq, xüsusilə də strateji xarakter daşıyan iqtisadi layihələr bütün Xəzəryanı ölkələrin və onların xalqlarının gələcək inkişafına imkan yaradacaq”.

 

APA TV xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun 33-cü iclasındakı çıxışında dedi. O qeyd etdi ki, Bakı sammitində imzalanmış təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin ratifikasiya prosesinin məhsuldar başa çatdırılması istiqamətində işlər davam etdirilməlidir: “Xəzər dənizinin hüquqi statusunu tamamilə razılaşdırmaq üçün çox vacib məsələlər var ki, bunlar da təhlükəsizliyə, Xəzərin su səthinin istifadə məsələlərinə aid problemlər, Xəzər dənizinin mineral ehtiyatlarının istifadəsi və dibinin bölünməsi, ekoloji, bioloji resursların istifadə olunması və qorunması ilə bağlı məsələlərdir”.

 

Xəzərin ekologiyasına həsr olunmuş konvensiyanın qəbul olunmasının növbəti ildönümü olduğunu xatırladan X.Xələfov dedi ki, bu sahədə Xəzəryanı dövlətlər arasında əməkdaşlıq normal vəziyyətdə inkişaf etməkdədir: “Xüsusilə də bu konvensiyanın əməkdaşlığını əlaqələndirən katibliyin fəaliyyətə başlamasının prinsiplərini razılaşdırılması Xəzəryanı ölkələrin ekoloji sahədə əldə etdiyi nailiyyətlərdən sayıla bilər”.

 

Nazir müavini Xəzər dənizində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin sahilyanı ölkələrin bilavasitə iştirakı və təşəbbüsü ilə həyata keçirildiyini vurğuladı: “Bu əməkdaşlıq çərçivəsində əldə edilən nailiyyətlər bütün Xəzəryanı dövlətlərin mənafeyinə xidmət edir. Bundan sonra da ölkələrimiz arasında Xəzər dənizi çərçivəsində həyata keçirilmiş əməkdaşlıq, xüsusilə də strateji xarakter daşıyan iqtisadi layihələr bütün Xəzəryanı ölkələrin və onların xalqlarının gələcək inkişafına imkan yaradacaq. Ümid edirəm ki, 33-cü görüş Xəzərin hüquqi statusunun müəyyən edilməsinin inkişafına təkan verəcək”.

 

Xatırladaq ki, iclasda Rusiyanı prezidentin demarkasiya və delimitasiya üzrə xüsusi nümayəndəsi İqor Bratçikov, Qazaxıstanı xarici işlər nazirinin müavini Kayrat Sarıbay, İranı xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadə, Türkmənistanı isə prezident yanında Xəzər məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murad Atacanov təmsil edir.

 

Müəllif | Apa.Tv