Ağdaşda zəncirvari avtomobil qəzası olub, 3 nəfər ağır xəsarət alıb
Ağdaş rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax yolunun 263-cü kilometrliyində, Ağdaşın Yenicə kəndi ərazisində qeydə alınıb. 1978-ci il təvəllüdlü İbrahim Eminovun idarə etdiyi 06-BD-721 dövlət nömrə nişanlı “QAZ-53” markalı minik avtomobili qarşı tərəfdən gələn Bakı sakini 1976-cı il təvəllüdlü Rafiq Cavadovun idarə etdiyi 99-FN-760 dövlət nömrə nişanlı “KİA” markalı minik avtomobili ilə toqquşub. Sonra isə “KİA” markalı minik avtomobili qarşı tərəfdən gələn, Gəncə sakini, 1964-cü il təvəllüdlü Elman Ələsgərovun idarə etdiyi 90-RM-304 dövlət nömrə nişanlı “Mersedes” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar Elman Ələsgərov, Elvin Əsədov və Azad Quliyev ağır xəsarət alaraq Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.