Cəlilabadda qədim qəbiristanlıq aşkarlanıb
Cəlilabadda qədim dövrlərə aid maddi-mədəniyyət nümunələri aşkar olunub. APA TV-nin Cənub bürosunun məlumatına görə, rayonun Sərhədabad kəndindəki “Nar bağı” adlanan ərazidə aşkarlanmış bu nümunələr qəbir abidələrindən ibarətdir. Ərazidə çoxlu qəbirlərin olması bu yerlərin vaxtilə qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Buradakı məzarlar tarixdə Möhrə qəbir abidələri kimi tanınır. Antik inanclara görə, qəbir ərazisinin paklaşdırılması üçün burada xüsusi ayinlər, o cümlədən vəfat etmiş insanların dəfndən öncə yandırılması adətini özündə əks etdirən mərasimlər icra olunub.
Yerli tarixçilərin qənaətinə görə, tapıntılar son Tunc dövrünə aid olduğu ehtimal edilə bilər. Cəlilabadda indiyə kimi tarixçilərə yalnız bir Möhrə qəbir abidəsi məlum idi. Hazırkı tapıntı isə Möhrə qəbirlərin kütləvi halda aşkar olunduğu ilk belə tarixi məkan hesab olunur. Hazırda ərazidə qazıntı işləri dayandırılıb və burada geniş tədqiqat işlərinin aparılması üçün müvafiq təşkilatlara məlumat verilib. Mütəxəssislərin fikrincə, nadir tapıntılardan olan Möhrə qəbir məzarlığının öyrənilməsi antik tariximizlə bağlı son dərəcə maraqlı məlumatları üzə çıxara bilər.