Almaniyada azərbaycanlıların yaşadığı qaçqın düşərgəsi yandırıldı
Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların yaşadığı qaçqın düşərgəsində yanğın olub. Bavariyanın daxili işlər naziri Yoahim Hermann açıqlamasında yanğının ksenofobiya zəminində törədildiyini istisna etməyib. Mer Rupoert Tropmann yanğını dəhşətli hadisə adlandırıb. O, hadisədə ksenofobiya amili olması məsələsinə münasibət bildirərək spekulyasiyaya getmək istəmədiyini və işi polisin araşdırmalı olduğunu deyib.
Azərbaycanın Almaniyadakı səfirliyindən APA TV-yə verilən məlumata görə, səfirlik yanğın hadisəsini diqqətdə saxlayır. Diplomatik nümayəndəliyimiz Almaniyanın müvafiq orqanları ilə əlaqə saxlayaraq hadisənin detalları ilə bağlı bəzi məlumatlar əldə edib.
Səfirliyin Oberpfalts Baş Polis idarəsindən əldə etdiyi məlumata görə, yanğının baş verdiyi binada cəmi 19 nəfər - Azərbaycandan 10, İran, Ukrayna, Kosovo və Ermənistanın hər birindən 2, Konqodan isə 1 vətəndaşı məskunlaşıb. Onlardan 3-ü azyaşlıdır.
Polis İdarəsi yanğın nəticəsində bina sakinlərindən heç birinin xəsarət almadığını, yalnız binanın 1-ci mərtəbəsinə dəyəri yüzlərlə avro məbləğində ölçülən maddi ziyan dəydiyini bildirib. Yanğından dərhal sonra xüsusi istintaq qrupu yaradılıb və işin istintaqı davam edir.
Səfirliyimiz məsələni diqqətdə saxlayır və yanğın hadisəsinin obyektiv surətdə araşdırılması üçün Almaniya hüquq-mühafizə orqanları ilə əməkdaşlığını davam etdirir.