Ağ Evdən açıqlama: İŞİD-in ikinci şəxsi Mosulda öldürüldü
Ağ Ev "İraq Şam İslam Dövləti" terror təşkilatının ikinci adamı Fədli Əhməd əl-Xəyalinin məhv edildiyini bəyan edib. APA TV-nin məlumatına görə, bu barədə açıqlamanı ABŞ-ın Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Ned Prays verib.
Onun sözlərinə görə, "Hacı Mümtaz" kimi də tanınan əl-Xəyali avqustun 18-də Mosul şəhərində öldürülüb. Onun avtomobili ABŞ təyyarələri tərəfindən vurulub.
Fədli Əhməd əl-Xəyali İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin müavini olub. O, terror təşkilatının İraq və Suriyadakı əməliyyatlarına rəhbərlik edib. Mosulun ələ keçirilməsində əl-Xəyalinin böyük rolu olub.
Ned Prays bəyan edib ki, əl-Xəyalinin məhvi İŞİD-in hərbi fəallığını azaldacaq.
Fədli Əhməd əl-Xəyalinin türkmən olduğu bildirilir. O, Əbu Müslim əl-Türkmani kimi də tanınır. Səddam Hüseynin hakimiyyəti dövründə İraq ordusunun xüsusi təyinatlı dəstəsində qulluq edib. İraq rejimi devrildikdən sonra həbs edilən Fədli Əhməd əl-Xəyali azadlığa çıxarkən İŞİD-ə qoşulub.