Bakı-Quba yolunda maşın aşıb, ölən və yaralananlar var

Avqustun 21-də, axşam saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza magistralın 63-cü kilometrliyində, Xızı rayonunun Stalçay qəsəbəsi ərazisində qeydə alınıb. 1987-ci il təvəllüdlü Xızı rayon sakini Ruhulla Ağayevin idarə etdiyi "Tofaş" markalı avtomobil idarəetməni itirərək aşıb. Nəticədə sürücü R. Ağayev hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan sərnişin 1981-ci il təvəllüdlü Xızı rayon sakini İlqar Əliyev isə yüngül xəsarətlər alıb. Xəsarət alan şəxs Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.  O, ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal edilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan