Lənkəranda iki əmioğlu külli miqdarda narkotiklə tutuldu

Lənkəran rayon sakini, 36 yaşlı, əvvəllər məhkum olunmuş  Ramin Gülhüseyn oğlu Tağıyev şübhəli şəxs qismində saxlanılıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, baxış zamanı onun üzərindən külli miqdarda narkotik maddə, o cümlədən 5,5 kiloqram tiryək, 8 kiloqram marixuana aşkarlanaraq müsadirə olunub.

 

İstintaqa verdiyi ifadəsində saxlanılan şəxs narkotik maddənin İran vətəndaşları tərəfindən Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində gizlədildiyini və onu oradan götürərək 500 manat müqabilində əmisi oğlu Vüsal Məhərrəm oğlu Tağıyevə verməli olduğunu bildirib. Lakin R. Tağıyev narkotik maddələri götürərkən polis əməkdaşları tərəfindən yaxalanıb.

 

Polis həmçinin R. Tağıyevin əmisi oğlu Vüsal Tağıyevi də saxlayaraq istintaqa cəlb edib.  Ona məxsus "VAZ- 21015" markalı avtomobilə baxış keçirilərkən oradan 3 kibrit qutusunda 15 qrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

 

Faktla bağlı Daxili İşlər Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma davam etdirilir.

 

Müəllif | Apa.Tv