İnterpol rusiyalı biznesmen German Sterliqovun axtarışını dayandırdı

İnterpol Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olan rusiyalı biznesmen German Sterliqovun axtarışını dayandırıb. APA TV-nin məlumatına görə, bu barədə onun vəkili Artur Ayrapetov bildirib.

 

Vəkil deyib ki, İnterpol siyasi motivlərə görə tutulması istənilən şəxslərin axtarışını həyata keçirmir: “Çünki bu, təşkilatın Nizamnaməsinə uyğun deyil. İnterpolun komissiyası isə Azərbaycanın Sterliqovu təqib etməsini siyasi motivli hesab edib. Biznesmen 10-15 gün İnterpolun axtarış bazasında olub, avqustun 21-də isə onun beynəlxalq axtarışı dayandırılıb”.  

 

Vəkil onu da əlavə edib ki, hüquqlarını müdafiə etdiyi şəxs avqustun 29-dək Dağlıq Qarabağda qalacaq. Biznesmen həmin gün böyük tədbirlər təşkil edəcək – həyat yoldaşı Alyona Sterliqovanın Moda Evinin nümayişi və cıdır yarışları olacaq.

 

Qeyd edək ki, Azərbaycan G. Sterliqovu iyulun 28-də İnterpol xətti ilə axtarışa verib. Səbəb isə, onun ailəsi ilə birlikdə Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına icazəsiz səfəri olub. 

 

Müəllif | Apa.Tv