Azərbaycanlılar Türkiyədə niyə ev alır? - XÜSUSİ REPORTAJ
- "Pulunuz olsa, harada ev alarsız? Bakıda, ya Türkiyədə?
- "Pulum olsa, Bakıda ev alaram. Çünki bura öz vətənimizdir";
- "Bakıda ev almağa üstünlük verərdim. Yatırımı başqa bir ölkəyə edincə, elə Azərbaycana sərf edərəm";
- "Türkiyədə ev alardım. Hər il də gedib istirahət edərdim".
İctimaiyyət arasında fikirlər müxtəlifdir. Reallıq isə odur ki, son illər azərbaycanlılar tərəfindən Türkiyənin iri və kurort şəhərlərində mənzillərə və daşınmaz əmlaka marağın artması müşahidə edilir. Bu, Türkiyə parlamentinin Mülkiyyət Qanununa etdiyi dəyişiklikdən sonra baş verib. Məlum dəyişikliyə əsasən, xarici ölkə vətəndaşları yalınız şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Türkiyənin istənilən şəhərində daşınmaz əmlak sahibi ola bilər. Son 11 ayda 13 138 xarici vətəndaş Türkiyədən daşınmaz əmlak alıb. İlkin qiymətləndirmələrə görə, 2014-cü ildə Türkiyədə mənzil alan azərbaycanlıların sayı 2 min nəfərdən artıq olub. Bu il ərzində isə təxminən üç min nəfər Azərbaycan vətəndaşı Türkiyədə mənzil sahibi olub. Hazırda azərbaycanlılar Türkiyədə mənzil alan əcnəbilər arasında dördüncü yerdədir. İlk üçlüyü isə Yaxın Şərq ölkələri tutur.
Ekspertlər hesab edir ki, azərbaycanlıların Türkiyənin kurort şəhərlərində daşınmaz əmlaka marağının artmasının əsas səbəblərindən biri iqtisadi məsələlərlə bağlıdır. Çünki Türkiyədə mənzillərin qiymətində illik artımlar var. Türkiyədə bu il alınan mənzili bir neçə ildən sonra kifayət qədər yüksək məbləğə satmaqla gəlir əldə etmək mümkündür.
Digər tərəfdən, Türkiyədə mənzillərin qiyməti Bakı ilə müqayisədə yüksək deyil.
İqtisadçı ekspert Vüqar Bayramlının sözlərinə görə, azərbaycanlılar Türkiyədə mənzili əsasən, sonradan satmaq məqsədilə alırlar: “Bizim apardığımız tədqiqatlar göstərir ki, onların bir qismi aldıqları mənzili sonradan satmaq üçün alıblar. Digərləri isə mənzili alıb sonradan onu kirayə və ya icarəyə verirlər. Türkiyədə əmlakın qiyməti ucuzdur. Lakin adambaşına düşən gəliri müqayisə edən zaman məlum olur ki, icarə haqları yüksəkdir. Bu baxımdan həmin əmlaka sahib olub onu icarəyə verməklə daha çox gəlir əldə etmək mümkündür".
Statistikaya nəzər saldıqda isə məlum olur ki, Türkiyədə, xüsusilə də İstanbulda mənzil alan vətəndaşlarımızın əksəriyyəti kommersiya və iqtisadi gəlir əldə etmək məqsədi güdür. Bununla yanaşı, mənzil alanlar arasında övladları Türkiyədə təhsil alan vətəndaşlar da az deyil.
Vüqar Bayramlı hesab edir ki, Türkiyədə mənzil alan şəxslər arasında məhz dəblə əlaqədar mülk sahibi olanlar da yüksək faiz təşkil edir: “Çünki orta və yüksək təbəqənin nümayəndələri arasında son vaxtlar xarici ölkələrdə mənzilə sahib olmaq dəbi var. Xüsusən orta təbəqə üçün Türkiyədə mənzil almaq əlçatandır. Ona görə də deyə bilərik ki, Azərbaycan vətəndaşlarının bir qismi dəb olaraq "xarici ölkədə evim var" demək üçün mənzil almağa üstünlük verirlər".
Araşdırmalar zamanı məlum olub ki, Türkiyədə mənzil alanlar şəhərindən və yerləşdiyi ərazidən asılı olaraq iki kateqoriyaya bölünürlər. Birinci kateqoriyada xüsusilə kurort şəhərlərində mənzil alanlar yer alır. Bura Bodrum, Kəmər və Antalya başda olmaqla kifayət qədər bahalı mənzillər - villalar alanlar daxildir.
İkinci kateqoriya isə daha çox say etibarilə nisbətən orta qiymətə üstünlük verənlərdir. Əgər birinci kateqoriyaya daxil olan evlərin qiyməti 1 milyondan artıq olanlardırsa, ikincilər isə 100-150 min dollar arası dəyişən qiymətə alınan mənzillərdir. Statistika isə göstərir ki, Türkiyədə ev alan azərbaycanlılar daha çox 100-150 min dollara mənzil sahibi olmağa üstünlük verirlər.
"Azərbaycanlıların mənzil alması daha çox İstanbul, Antalya, Bodrum şəhərlərində müşahidə edilir. Paytaxt Ankaraya demək olar, maraq tamamilə azdır. Eyni zamanda Trabzon və digər kənar şəhərlərdə ev alan azərbaycanlıların sayı azdır. İzmir şəhəri isə vətəndaşlarımızın daha çox mənzil aldığı şəhərlər sırasındadır".
Qiymətlərə gəlincə, deyə bilərik ki, İstanbulun mərkəzi hissələrində 150 min dollara alınan mənzillərin sahəsi paytaxt Bakıda alınan mənzillərlə müqayisədə daha böyükdür. Nəticə olaraq daha az vəsait xərcləməklə İstanbul şəhərində mərkəzə daha yaxın və sahəsi daha böyük olan mənzil almaq mümkündür.
Qeyd edək ki, xaricdə ev almağa üstünlük verən azərbaycanlılar Türkiyədən başqa Mərkəzi və Şərqi Avropa ölkələrində də mülk sahibi olmağa üstünlük verirlər. Vətəndaşlarımız bu ölkələr arasında daha çox Çexiya Respublikasına üstünlük verirlər. Eyni zamanda son illər Macarıstan və Polşada da mənzil alanların sayında artımlar var. Lakin bu, bir o qədər də ciddi rəqəmlə ifadə olunmur. Qərbi Avropa ölkələrindən Almaniyada mənzil alan azərbaycanlıların sayında yüksəlmə var. Lakin bütün bunların fonunda Azərbaycanda yaşayıb İngiltərə, Amerika Birləşmiş Ştatları kimi ölkələrdə ev alanların sayı azdır.