MSK ixtisaslaşdırılmış kurslara start verdi

Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara start  verilib.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, təşkil edilən  kurslar üç gün davam edəcək. Gəncə şəhərindəki 37 saylı Nizami  birinci və 38 saylı Nizami ikinci Seçki Dairələrində keçirilən kurslarda mühazirələr dinlənilib, seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması, seçki prosesində kütləvi informasiya vasitələrinin iştirakı  və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların  seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması barədə fikir mübadiləsi aparılıb. MSK-nın katibi Arifə Muxtarova və  MSK-nın media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli tədbirdə çıxış ediblər.

 

Seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi  orqanlarının rolu və  onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri də müzakirə mövzusu olub. 
 

Kurslarda dairə seçki komissiyalarının üzvlərini və məntəqə seçki komissiyalarının sədrlərini maraqlandıran suallar cavablandırılıb. 

 

Sonra seçici siyahıları ilə iş qaydası ilə bağlı  seminar  keçirilib.    

Müəllif | Apa.Tv
Apa.tv