Sabirabadda baş verən qətlin təfərrüatı - VİDEO

Sabirabadda toyda baş verən dava sonda ölümlə nəticələnib. APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, avqustun 23-də Sabirabad rayonunun Qalağayın kəndində kənd sakini Xəqani Miriyev münaqişə zəminində həmkəndlisi Ənvər Abdullayevə bıçaqla xəsarət yetirib. Ənvər Abdullayev hadisə yerində ölüb.

 

Xəqani Miriyev isə Rayon Polis Şöbəsinə gələrək istintaqa könüllü olaraq təslim olub. Aparılan araşdırmalar zamanı qətlin bir sıra təfərrüatları ortaya çıxıb. Avqustun 22-də Qalağayın kəndində keçirilən toy mərasimi zamanı Xəqani Miriyev və Ənvər Abdullayev birgə yeyib içdikdən sonra aralarında münaqişə baş verib. Bu zaman Xəqani Miriyev Ənvər Abdullayevin qol nahiyəsindən bıçaqla xəsarət yetirib. Daha sonra evə gələn yaralı ona edilən bu hərəkətin qarşılığında avqustun 23-də yenidən Xəqani Miriyevi münasibətlərə aydınlıq gətirməyə çağırıb. Tərəflər arasında baş verən dava zamanı Xəqani Miriyev Ənvər Abdullayevə daha bir bıçaq zərbəsi endirib. Bu dəfə zərbə öldürücü olub. Ənvər Abdullayev kürək nahiyəsindən aldığı bıçaq yarasından hadisə yerindəcə ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv