"Dilimizi korlayanlar müğənnilər və aktyorlardır"
AMEA Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi məqsədilə institutun yeni strukturu qurulub. APA TV xəbər verir ki, bu barədə institutun direktor əvəzi Fəxrəddin Veysəlov “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış işçi qrupunun iclasında bildirdi. O bildirdi ki, aparılan struktur dəyişikliklərinə əsasən, institutun bəzi şöbələri birləşdirilib, bəzi şöbələr iki hissəyə bölünüb, bəzi şöbələr isə yeni yaranıb. F.Veysəllinin sözlərinə görə, aparılan struktur dəyişiklikləri nəticəsində 10 şöbə formalaşıb.
Dövlət Proqramının icrası ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Kamal Abdulla Dilçilik İnstitutunun yeni strukturunun yaradılmasının çox zəruri addım olduğunu dedi. Kamal Abdulla televiziyalarda bədii şuraların yaradılmasının vaxtının çoxdan çatdığını dedi. Onun sözlərinə görə, dövlət proqramının icrası ilə əlaqədar radio və televiziyalarda mütəmadi monitorinqlər aparılacaq.
K.Abdulla Azərbaycanda dili korlayanların sırasında müğənnilər və aktyorların da olduğunu qeyd etdi.
İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev də televiziya və radiolarda aparılan monitorinqlər nəticəsində təşkil olunacaq treninq kursları barədə məlumat verdi.