MSK Balakəndə kurslara start verdi
Balakəndə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir. APA TV-nin yerli bürosunun məlumatına görə, 109 saylı Balakən seçki dairəsinin inzibati binasında təşkil olunan kurslarda MSK-nın nümayəndəsi Zirəddin Cəlilov, 109 Salı Balakən DSK-nın üzvləri və dairənin əhatə etdiyi bütün məntəqə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Tədbirdə çıxış edən 109 saylı Balakən seçki dairəsinin sədri Vahid Əliyev parlament seçkilərinin ölkəmizin ictimai-siyasi həyatındakı mühüm rolundan, seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün möhkəm hüquqi bazanın yaradılmasından, seçkilərə hazırlıqda dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən məsul vəzifələrdən, bu sahədə hər kəsin yüksək məsuliyyətindən danışıb. Seçicilərin hüquqlarının qorunması, seçkiqabağı təşviqatın aparılmasına normal şəraitin yaradılması və s. məsələlərdən də ətraflı məlumat verib.
Daha sonra rayon məhkəməsinin sədri Rafiq Kazımov “Seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri” mövzusunda çıxış edib.
Tədbirdə iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib, məntəqə seçki komissiyalarının sədrlərinə MKS tərəfindən göndərilən təlimatlar paylanılıb.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” sərəncama uyğun olaraq təşkil edilən kurslar üç gün davam edəcək.