Daha dörd nəfərin namizədliyi qeydə alındı

Mərkəzi Seçki Komissiyası daha dörd nəfərin prezidentliyə namizədliyini qeydə alıb. APA TV-nin xəbərinə görə, komissiyanın katibi Arifə Muxtarova bildirib ki, namizədliyi irəli sürülən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin namizədliyinin qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilib. Onun sözlərinə görə, seçki qanunvericiliyinə görə, prezidentliyə namizədin qeydə alınması üçün onun müdafiəsi məqsədilə ən azı 40 min imza toplanmalıdır. Bu səbəbdən də adıçəkilən şəxslərin namizədliyinin qeydə alınması məqsədəuyğun hesab edilib.

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin isə namizədliyi qeydə alınmayıb. Bu barədə məlumat verən komissiyanın işçi qrupunun rəhbəri İlham Məmmədov deyib ki, onun tərəfindən MSK-ya 44 286 imza təqdim olunub, imzalardan 8 186-sı doğru olmadığından yoxlama prosesi dayandırılıb. Belə ki, Fuad Əliyev 40 000 - lik imza baryerini keçə bilməyib. Bu da qanunvericiliyə əsasən, onun namizədliyinin qeydə alınmasını mümkünsüz hesab edir.

 

Sədr Məzahir Pənahov bildirib ki, beynəlxalq müşahidəçilər də daxil olmaqla, ölkə üzrə müşahidə üçün 2395, konkret dairə üzrə isə 7902 müraciət daxil olub. Onun sözlərinə görə, AŞPA müşahidəçiləri 15 qrupa bölünərək bütün seçki dairələrini əhatə edəcəklər. Onlara və ümumiyyətlə, bütün müşahidəçilərə seçkiləri izləmək üçün bütün şərait yaradılacaq. Qeyd edək ki, MSK-dan imza toplamaq üçün vərəqə götürən Cəmil Həsənli, Əhməd Oruc, Sərdar Məmmədov, Əli Əliyev, İlyas İsmayılov, İlqar Məmmədov da imza vərəqələrini MSK-ya təqdim ediblər.

 

Eyni zamanda bu gün  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycandakı prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbəri Robert Uolterin rəhbərlik etdiyi nümayəndə heyəti MSK sədri Məzahir Pənahovla görüşüb. Görüşdə oktyabrın 9-da keçiriləcək prezident seçkilərinə hazırlıq, namizədlərin qeydiyyatı, seçkiqabağı kampaniyanı gedişi və digər məsələlər müzakirə olunub.

Müəllif | Apa.Tv