Ukraynanın Rovno vilayətinin nümayəndə heyəti Qəbələdə
Ukraynanın Rovno vilayətinin nümayəndə heyəti Qəbələ rayonuna səfər edib. Qonaqlar Qəbələdəki zavod və fabriklər, istirahət mərkəzləri, otellərdəki vəziyyətlə tanış olublar.
Daha sonra Qəbələ Mədəniyyət Mərkəzində Rovno vilayətini və Qəbələ rayonunu təmsil edən 70-ə yaxın iş adamının birgə iştirakı ilə görüş keçirilib.
APA TV xəbər verir ki, görüşdə Rovno Vilayət Dövlət Administrasiyasının sədri Vasili Bertaş, Vilayət Xalq Deputatları Sovetinin sədri Yuri Blaqodır, Rovno şəhərinin meri Vladimir Xomko, vilayətin 6 rayon administrasiyasının rəhbəri, Rovno Ticarət-Sənaye Palatasının prezidenti Nikolay Yaroşşuk, habelə müxtəlif profilli müəssisə, şirkət və firmaların 33 nümayəndəsi, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko iştirak edib.
Səfər çərçivəsində Rovno Vilayət Dövlət Administrasiyası ilə Qəbələ rayon İcra Hakimiyyəti arasında regionlararası əməkdaşlıq haqqında saziş imzalanıb.