Bakının tabuta dönən yararsız liftləri: onlar nə vaxt dəyişdiriləcək? XÜSUSİ REPORTAJ

İstər Bakının mərkəzində, istərsə də paytaxtın ayrı-ayrı ərazilərində çoxmərtəbəli binalarda yaşayan sakinləri qayğılandıran və ən çox narahat edən məsələlərdən biri də lift problemidir. APA TV-nin məlumatına görə, Bakıdakı çoxmənzilli sovet binalarının əksəriyyətində lift ya ümumiyyətlə fəaliyyətdə deyil, ya da müəyyən qrafik əsasında işləyir. Təkcə Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fətəliyev 15 ünvanında  9 beşmərtəbəli  6 bloklu binanın sakinləri lift üzünə həsrətdir. Liftin  işləməməsi səbəbindən çoxmənzilli binaların sakinləri daha çox qızmar yay günlərində 1-ci mərtəbəyə pilləkənlə düşə və həyətə çıxaraq təmiz havada gəzə bilmirlər.

 

"Özüm şəkər xəstəsiyəm. Doqquzuncu mərtəbədə yaşayıram. Günlərlə aşağı düşə bilmirəm. Gərək evdə adam ola, o məni düşürə və mənimlə yenidən yuxarıya qalxa. Dəfələrlə olub ki, qonşularımız liftdə qalıb. Hətta bugünlərdə bir qonşu altı saat liftdə qalmışdı. Onun üçün təcili yardım da çağırıdq. Dörd gün  müalicə olundu. Dəfələrlə müraciət etsək də maraqlanan yoxdu"

 

"23 ildir bu binada yaşayıram. Elə gün yoxdurki, lift problemi yaşanmasın. Uşaqlı-böyüklü hamı qorxu içərisindədir. Uşaqlar da dəfələrlə qalıb, böyüklər də. Əlaqədar təşkilata, mənzil kommunal təssərüfatı idarəsinə müraciət etməyimizə baxmayaraq problemi ciddiyə alıb məşğul olan yoxdur".

 

Binanın 70 yaşlı sakini deyir ki, hər ay onlar lift xidmətinin yaxşılaşdırılması üçün iki manat pul ödəyirlər.

 

"Məcburi köçkünəm. 23 ildir bu binada yaşayıram. Baxmayaraq ki, biz kommunal xidmətlər ödəməməliyik, amma mən qonşularımla birgə iki manat ödəyirəm. Ödəniş edirik, çek tələb edirik, məhəl qoymurlar. Mən axı nə qədər ayaqla düşüm çıxım? Ürəyim tab gətirmir. Yaşlı adamam. Hər gün zəng edirik, usta çağırırıq. Bir-iki saat işləyir yenə dayanır".

 

Lift prtoblemi təkcə böyükləri deyil, azyaşlıları da narahat edir.

 

"Mən bir dəfə liftdə qalmışam. Nə qədər səslənsəm də məni eşidən olmadı. Axırda özüm çıxdım. Amma bərk qorxmuşdum".

 

"Hər gün nənəmlə düşüb-çıxmalı oluram. Nənəm yaşlıdır, qorxuram ki, liftdə qalar. Kim əlində yük gətirsə məhəllə uşaqları ilə kömək edirik. Amma bu problem həll olunmur".

 

"Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Fətəliyev 15 ünvanında iki  9 mərtəbəi bina var. Maraqlıdır ki, binanın birinin köhnə liftləri yenisi ilə əvəz olunub, digəri isə baxımsız vəziyyətdədir". 

 

Tez-tez liftin avtomatının atdığını və hər saat kiminsə liftdə qalmasını bildirən vətəndaşların sözlərinə görə, problemin aradan qaldırılması üçün dəfələrlə Suraxanı Rayon Lift İdarəsinə müraciət etmələrinə baxmayaraq, idarənin məsul işçiləri problemə biganə münasibət bəsləyirlər. Məhz belə biganə münasibətin nəticəsidir ki, qəsəbələrdə tez-tez lift qəzaları baş verir. "Bakılift- 2" ixtisaslaşdırılmış istehsalat idarəsinin baş mühəndisi Cİlovxan Əliyevin məsələyə münasibəti bizim üçün də maraqlı oldu.

 

"Bina altı blokdan ibarətdir. Liftlərin işləməməsi ilə bağlı o qədər də çox sifariş daxil olmur. Sakinlər deyir ki, 1 aydır bu problem başlayıb. Lift doqquzuncu mərtəbəyədək işləmir. Elə indi mən də göstəriş verdim. Təxminən yarım saata bu problemi aradan qaldıracayıq".

 

Cilovxan Əliyevin sözlərinə görə, idarə şəhərin üç ən böyük rayonuna - Suraxanı, Sabunçu və Xəzər rayonlarının liftlərinə texniki xidmət göstərir. Bu rayonlarda da 1157 lift var. "Bakılift" yalnız liftlərə texniki xidmət göstərir. 

 

Baş mühəndis bildirir ki, liftlərin istismar müddəti 25 ildir. Həmin müddət başa çatdıqdan sonra liftlər dəyişdirilməli və yeniləri ilə əvəz edilməlidir. Liftin dəyişilməsi isə vəsaitdən asılıdır.

 

"Fətəliyev 15 ünvanındakı sözü gedən bina yarımçıq binadır. Sovet dövründə tikilən binadır. İki il bundan əvvəl həmin liftləri əsaslı təmir etmişik. Hazırda binanın bütün bloklarında lift işləyir. Digər 9 mərtəbəli ikibloklu binanın liftlərini isə tamamilə yenisi ilə əvəz etmişik.  Konkret olaraq bu liftlərində dəyişilməsi üçün baş idarəyə yazılı müraciət etmişik. Yəqin ki , yaxın müddətdə köhnə liftlər yenisi ilə əvəz olunacaq".

 

Cilovxan Əliyev  deyir ki, liftlərdə yaranacaq  texniki təhlükəsizlik zamanı insanlara lift  bələdçisi  yardım etməlidir. Çəkiliş apardığımız ərazidə isə lift nəzarətçisinə rast gəlmədik. Səbəbini öyrənmək üçün 137 saylı Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəisi Oruc İbrahimovla da görüşdük. Bildirdi ki, Mənzil Kommunal İstismar Sahələrinin lift bələdçiləri liftləri yoxlayırlar. Liftlərdə nasazlıq olan kimi, bizim işçilərə xəbər verirlər və işçilərimiz də gedib liftləri təmir edirlər.

 

"Lift bələdçisi daimi iş başında olur. Fətəliyev 15 ünvanında yaranmış problemi lift bələdçisi aidiyyatı idarələrə çatdırır. Amma ərazidə heç bir bələdçiyə rast gəlmədik. Bu haqda bir söz deyə bilmərəm. Yəqin siz ərazidə olanda onlar yerlərində olmayıb".

 

Beləliklə, biz görünən mənzərəni sizlərə olduğu kimi təqdim etdik. Onu da qeyd edək ki, liftlərin nasaz işləməsi bir sıra hallarda faciəvi sonluqla başa çatıb. Son bir neçə ilə nəzər saldıqda aydın olur ki, istismar müddətini başa vurmuş liftlərdən istifadə zamanı bir neçə sakin həyatını itirib. Liftdən istifadə edərkən onun trosunun qırılması və alt hissəsinin qopması vətəndaşların hündür mərtəbələrdən zirzəmiyə düşməsinə, faciəvi şəkildə ölümünə səbəb olub.
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı