Tarif Şurası daha 801 dərman vasitəsinin qiymətini təsdiqlədi
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən APA-ya verilən xəbərə görə, bundan əvvəl Tarif Şurasının 2015-ci il 30 iyul tarixində keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilib.
Tarif Şurasının ötən gün keçirilmiş növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılıb. Bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.
Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15 faizinin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənib.
Tarif Şurasından verilən məlumatda qeyd olunur ki, böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.