Xətaidə "Jiquli" aşdı, sürücü ağır yaralandı
Ötən gecə paytaxtın Xətai rayonunda sürücünün ağır yaralanması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə Zığ şosesi ilə Gəncə prospektinin kəsişməsində qeydə alınıb. 90 BC 817 dövlət nömrə nişanlı "VAZ 2107"nin sürücüsü Gəncə prospektindən Zığ şosesinə dönən zaman qəfil idarəetməni itirib. Nəticədə maşın aşaraq, bir neçə metr kənara sürüklənib. Qəza zamanı hələlik kimliyi müəyyən edilməyən sürücü ağır yaralanıb. O, ətrafdakıların köməyi ilə özəl xəstəxanalardan birinə çatdırılıb. Daha sonra qəza yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər. Polis əməkdaşlarının ilkin araşdırması zamanı qəzaya yüksək sürət səbəb olduğu müəyyənləşib. Qəzanın əsl səbəbi yaxınlıqdakı Təhlükəsiz Şəhər (TŞ) kameralarına baxıldıqdan sonra bilinəcək.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.