Bakı küçələrində ölümlə oynayan gənclərdən REPORTAJ

Onlar hər gün burda saatlarla məşq edirlər. Özü də qorxmadan. Maraqlıdı, deyilmi? Əslində maraqlı olduğu qədər də riskli hətta daha çox, təhlükəlidi. İzləyicilər üçün qorxu yaratsa da, onlar üçün bu sadəcə bir məşğuliyyətdi. Bəlkə də əyləncə. Hər gün eyni zamanda, eyni məkanda toplaşıb müxtəlif növ manevrləri günlərlə məşq edir onlar. Toplaşdıqları məkan isə dənizkənarı milli bulvar ərazisidi. APA TV həmin ərazidə çəkiliş aparıb.

 

Özlərini peşəkar rollerlər adlandıran bu gənclərin ən böyüyünün 20, ən kiçiyinin isə 9 yaşı var. Amma bu sahədə təcrübələrinin yaşlarından qat-qat artıq olduğunu iddia edirlər. Fərid adlı bu gəncin 20 yaşı var. Uşaq yaşlarından rolik idmanına maraq göstərib. Uzun çəkən məşqlərdən sonra istədiyi nəticəni əldə etdiyini deyir. Yaşıdları arasında isə özünü peşəkar roller hesab edir. Komandanın ən balaca üzlərindən biri isə Əlidi. 9 yaşlı həvəskar roller artıq 3 ildir ki, sevimli əyləncəsi ilə məşğuldu. Bəli, bir çoxlarının sevimli idmanına balaca Əli sadəcə bir əyləncə kimi baxır. Dediyinə görə, valideyinləri dəfələrlə onu bu yoldan çəkindirməyə çalışsa da, balaca həvəskar inadından dönməyib. Gənclərlə söhbətləşərkən o da məlum oldu ki, sən demə kənardan tamaşaçı üçün adi gələn bu manevrlərin xüsusi mexanizmi də var. Bəzi manevrlər edib mənə öyrətməyə çalışsalar da, onlardan öyrəndiyim yalnız nəzəriyyə oldu. Təcrübəni sınaqdan keçirmək üçün isə gözümdəki qorxunu boğa bilmədim. Qorxunu dəf etmək isə idmanda əsas məsələdi. Təxminən 40 nəfərlik bir komanda formalaşdıran bu gənclərin ploblemləri də az deyil. Ən başlıca problem isə məşq etmək üçün lazımi şəraitlərinin olmamasıdır. Daha çox axşam saatlarında Dəniz Kənarı Bulvar İdarəsi ərazisində dolaşan rollerlər mütəmadi olaraq burada dincələn sakinlərin danlağı ilə üz üzə gəlirlər. Bəzən müvazinətini itirən gənclər ya yol keçən sakinlərə çırpılır, ən pis halda isə yolu keçmək istəyərkən avtomobillərin təkərləri altına düşmək təhlükəsindən son anda canlarını qutarırlar. Bütün bunların isə səbəbini gənclər rolik sürmək üçün xüsusi meydançanın olmamasında görürlər. İlin yalnız 5 ayını bulvar ərazisində, yaxud paytaxtın ayrı-ayrı parklarında məşq edən gənclər qarşılaşdıqları şəraitdən yorulmaq əvəzinə gələcəyə ümidlə baxırlar. Sadəcə inanmaq istəyirlər ki, Avropa eləcə də Qərb dövlətlərində rolik idmanı ayrıca idman növü kimi yarışlara daxil edildiyi halda ölkəmizdə kicik bir meydançanın yoxluğu probleminin həlli nə zamansa müsbətə doğru dəyişə bilər və onlar nə zamansa əcnəbi yaşıdları kimi ölkə daxili yarışlara daha sonra beynəlxalq turnirlərə qatıla biləcəklər. APA XƏBƏR-in məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov Xaçmaz rayonunda yerləşən Olimpiya İdman Kompleksində rolik parkının açıldığını bildirib. Bakıda da bu tip idman meydançasının açılması gənclər üçün vacibdi. Bunun üçünsə yeni meydançanın Bayılda tikilən velosiped parkının nəzdində inşa olunması məqsədə uyğundu. O ki, qaldı gənclərin sözü gedən idman növündə yarışlara qatılmasına, nazir deyir ki, hazırda bu sahədə federasiya fəaliyyət göstərsə də, maddi texniki bazanın olmaması səbəbindən yarışların keçirilməsi qeyri mümkündü. Gələcəkdə isə yarışların təşkil ediləcəyi istisna edilmir. Bunun üçün həmin gənclərin komanda şəklində nazirliyin nəzdində yerləşən federasiyaya müraciət edərək qeydiyyatdan keçmələri lazımdı. Elə gənc rollerlərin də istəyi bu deyildimi?! Yəqin ki, bundan sonra onlar qarşılaşdıqları təhlükələrdən sığortalanar və həm idmanımız, həm də cəmiyyətimiz üçün faydalı fərdə çevrilə bilərlər.
 

Müəllif | Apa.Tv