Sabirabadda mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri həbs olundu

Sabirabadda narkotik tərkibli bitkiləri əkib-becərən və hazır məhsula çevirərək satışı ilə məşğul olan 5 nəfərdən ibarət mütəşəkkil cinayətkar qrup saxlanılıb. Sabirabad Polis Şöbəsindən APA TV-nin Mil-Muğan bürosuna verilən məlumata görə, rayon polisinin keçirdiyi  əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, əvvəllər məhkum olunmuş Yenikənd kənd sakini, 1961-ci il təvəllüdlü  Rəhimov Vəlixan Ağasəf oğlu həmkəndlisi, əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Əkbərov Elməddin Rəfail  oğlu ilə 40 ədəd  çətənə kolunu Yenikənd kəndi ərazisində böyürtkən kollarının əhatəsində əkib-becərib. Keçirilən əməliyyat tədbirləri zamanı onlardan 1,15 kq qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Faktla bağlı polis şöbəsinin istintaq bölməsində cinayət məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanıb.

 

İstintaqa məlum olub ki, Sabirabad rayon Yenikənd kənd sakinləri 1985-ci il təvəllüdlü Babayev Cavid Fazil  oğlu və 1990-cı il  təvəllüdlü Rzayev Nuhəli Ağasəmid oğlu Vəlixan Rəhimov və Elməddin Əkbərov tərəfindən qanunsuz olaraq əkib-becərdikləri çətənə kolunun bir hissəsini  satış məqsədi ilə talayaraq həmkəndliləri, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü  Hüseynov Bayram Hüseyn oğluna saxlamaq üçün veriblər.

 

Keçirilmiş tədbirlər nəticəsində Bayram Hüseynova verilən narkotik vasitə sonuncunun yaşadığı evin həyətindən 1,185 kq miqdarında götürülüb.

 

Rəhimov Vəlixan, Əkbərov Elməddin CM-nin 237.2.3-cü, Babayev Cavid, Rzayev Nuhəli CM-nin 235.1-ci, Hüsenyov Bayram isə CM-nin 234.1-ci maddələri ilə şübhəli şəxs qismində tutulub.

 

Faktla bağlı Sabirabad Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı