Bəşər Əsəd: “Antiterror cəbhəsi yaratmaq baş tutmayacaq”
Suriya prezidenti Bəşər Əsəd regionda Rusiyanın vahid antiterror cəbhəsinin yaradılması səylərini dəstəklədiyini bildirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, prezident eyni zamanda bu səylərin baş tutması ehtimalının zəif olduğunu deyib. Əsəd bildirib ki, Suriya hökuməti də bu cəbhədə tərəf kimi iştirak etmək istəyir, amma digər qüvvələr daha çox Suriya müxalifətini dəstəkləyirlər.
"Terrorizmə qarşı alyans yaratmaq vacibdir. İstənilən birliyi, istənilən addımı, danışıqları dəstəkləyirik. Bu, bizim üçün prioritetdir. Bizim istəyimiz yalnız ölkəmizdə qan tökülməsinin qarşısının alınmasıdır. Amma bu səylər nəticə vermir. Ona görə ki, bəzi dövlətlər terrorçularla mübarizə adı altında onlara kömək edirlər", - deyə Bəşər Əsəd iddia edib.
Xatırladaq ki, qərb ölkələri Rusiyadan fərqli olaraq Əsədin hakimiyyətdən uzaqlaşdırılmasının tərəfdarıdırlar. Onlar ancaq bu yolla regionda stabilliyin bərpa olunacağını düşünürlər. Bunu bu yaxınlarda Fransa prezidenti Fransua Olland bir daha bəyan edib:
"Biz terror ocağını söndürməliyik. Bunun üçün isə Əsədi dəstəkləməkdən vaz keçilməlidir. Biz Suriyada siyasi vəziyyətin dəyişilməsinə yardım etməliyik".
Qərb ölkələri Bəşər Əsədi öz vətəndaşlarına qarşı qəddarlıqda ittiham edirlər. Onlar iddia edirlər ki, Əsəd rejimi vətəndaşlara qarşı bombardmanlarda kimyəvi silahdan da istifadə edir.