Səlim Müslümov şikayətləri dinlədi
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Fondun Masallı rayon şöbəsinin inzibati binasında Biləsuvar, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik və Lənkəran rayonlarının sakinlərini qəbul edib. Qəbulda iştirak edən vətəndaşların həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyat vasitələri ilə Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunub. “Açıq qapı” şəraitində keçirilən görüşdə 25-dək vətəndaşın müraciətinə baxılıb.
Qəbula gələn vətəndaşların müraciətləri əsasən, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, pensiya təyinatı, eləcə də iş stajı ilə bağlı olub.
Edilən bütün müraciətlər operativ qaydada araşdırılıb, onların bir qismi yerindəcə həllini tapıb.
Bəzi müraciətlər araşdırma tələb etdiyindən müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə, Fondun digər vəzifəli şəxslərinə tapşırıqlar verilib.
Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid olmayan müraciətlərlə görüşə gələn vətəndaşlara isə hüquqi və digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq nazirlik, idarə və təşkilatlara göndəriləcəyi diqqətə çatdırılıb.