Kinoteatrlarda Azərbaycan dilində film niyə nümayiş olunmur? - REPORTAJ
"Ötən illərlə müqayisədə son bir neçə ildə ölkəmizdə də insanlar boş vaxtlarında kinoteatrlara üz tuturlar. Burada onlar yerli filmlərlə yanaşı dünya kinoteatrlarında nümayiş olunan əcnəbi filmlərə də baxa bilərlər. Bəs görəsən tamaşaçılar əcnəbi filmlərin keyfiyyəti və onların dilimizə tərcümə olunaraq verilməməsindən nə dərəcədə razıdırlar?"
"Hesab edirəm ki, Azərbaycan dilinə tərcümə olunaraq verilsə bu daha düzgün olardı, amma burada söhbət yüksək səviyyəli tərcümədən gedir. Maraqsız və cansıxıcı tərcümədən yox".
"Alt titrlərlə verilməsi məncə daha düzgün olardı. Çünki bizdə tərcümə olan kinoların mənası itir. Sözlər yanlış dublyaj olunur. Rus və ya ingilis dilini bilməyənlər onlar alt yazılarla baxsınlar."
"Əgər mənə desələr ki, bir əcnəbi film var, onlardan biri rus, digəri Azərbaycan dilində verilir, mən rus dilini seçərəm. Çünki rus dilində baxmaq daha maraqlı və kinonu dərk etmək baxımından daha rahatdır. Amma qanun varsa ki, mütləq dublyaj olunmalıdır o zaman dublyaj eləsinlər və tamaşaçının zövqünə seçim etsinlər".
Burada bir haşiyə çıxaq ki, konstitusiyaya və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” qanuna uyğun olaraq film nümayişi sahəsində Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini tətbiq etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi 2011-ci il iyul ayının 15-dən etibarən ölkədə fəaliyyət göstərən bütün kinoteatrlarda filmlərin dövlət dilində nümayiş etdirməli olduğu haqda qərar verib. Qərar verilərkən Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları vaxtaşırı kinoteatrların fəaliyyətinə ciddi nəzarət edəcəyini də açıqlamışdır.
"Elə bu qərara əsasən kinoteatrlar əcnəbi filmi Azərbaycan dilində iki cür - səsləndirmə vasitəsilə, yaxud titrlərlə tərcümə edilmiş formada nümayiş etdirə bilər. Bu üsullardan hansının seçilməsi kinoteatrların öz işidir. Bəs görəsən hazırda kinoteatrlarımız bu qanuna əməl edirmi?
Əslində bütün inkişaf etmiş ölkələrdə kinoteatrlarda yayımlanan filmlər yerli dildə nümayiş olunur. Ona görə Azərbaycanın da bu prosesdən kənarda qalması mümkün deyil. Bəzi kino mütəxəssisləri qərarın qəbulu ilə dilimizi bilməyənlərin, onu öyrənməyə və ona hörmət etməyə məcbur qalacağı düşüncəsində idilər. Qərardan sonra bir neçə kinoteatr filmləri Azərbaycan dilində subtitrlərlə yəni alt yazılarla verməyə səy göstərdi. Lakin nəticə heç də ürək açan olmadı.
"Bu sərəncama əsasən biz bütün filmləri subtitrlərlə göstərməyə başladıq. Bu zaman iki faktor ortaya çıxdı. Tamaşaçılar etiraz etməyə başladılar. Buna səbəbdən də kinokompaniyalar bu üsulla nümayişi dayandırdılar".
Mütəxəssis hesab edir ki, qarşıya çıxan digər bir maneə hazırkı şəraitdə kinoların dublyaj olunmuş variantda verilməsi yeni filmlərin zaman baxımından gec nümayişinə səbəb ola bilər. Bu isə birbaşa tamaşaçı auditoriyasının itirilməsi ilə nəticələnər. Bununla yanaşı qarşıya çıxan problemlərdən biri də yeni filmlərin dublyaj olunması zamanı onlardan qanuna uyğun olaraq lisenziyanın tələb edilməsidir.
"Biz aldığımız bütün filmləri dublyaj edə bilmərik. Çünki bunun üçün lisenziya alınmalıdır və hazırda ölkəmizdə dünyanın iri film şirkətlərinin distributorları yoxdur. Əvvəlcə sertifikatlaşdırılma aparılmalıdır. Əgər bizdə 20-dən artıq kinoteatr fəaliyyət göstərsə, o zaman biz bir daha əcnəbi şirkətlərə müraciət edəcəyik. Bu həm büdcədən, həm də baş ofisdən asılı olan işlərdir. Bu işlər maliyyə tələb edir.
Mövcud vəziyyəti öyrənmək üçün Nizami Kino Mərkəzinə də baş çəkdik. Burada da hər gün müxtəlif saatlarda əcnəbi filmlər nümayiş olunsa da onların da dublyaj olunaraq verilməsi hələlik reallaşmayıb.
"Biz də istərdik ki, filmlər tərcümə edilərək verilsin. Amma problem ondadır ki, biz filmlər yeni çıxan zaman onları alıb tərcümə edənə qədər gecikirik. Bu da film bazarında geriləməyimizə səbəb olur".
Kino Mərkəzin mətbuat xidmətinin rəhbəri Arzu Əhədovadan onu da öyrəndik ki, ölkəmizdə I Avropa Oyunları keçirilən zaman Azərbaycan filmləri tərcümə edilərək alt titrlər vasitəsi ilə əcnəbi kinosevərlərə nümayiş olundu. Lakin əcnəbi filmlərin ana dilimizə tərcümə edilməsi həm maliyyə vəsaiti, həm də texniki baxımından bir qədər ağır prosesdir.
Ağır olan isə həm də tamaşaçıların vəziyyətidir. Əgər nəzərə alsaq ki müasir gənclər arasında orta və yaşlı nəslin nümayəndələrinə nisbətən rus dilini bilənlər daha azlıq təşkil edir, bu zaman məsələ kifayət qədər qəlizləşir.
Mədəniyyət və Turizm Nazirliyində də bu qəliz məsələdən xəbərdardırlar. Qurumun filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov nazirlik tərəfindən məsələ ilə bağlı mütəmadi monitorinqin aparıldığını deyir. Aşkarlanan qanun pozuntuları isə aidiyyatı orqanlara göndərilir. Yusif Şeyxov bu zəruri məsələnin həll yolunu yeni qanun layihəsinin qəbul olunmasında görür.
"Nazirlik tərəfindən Kinemotoqrafiya haqqında qanun layihəsi hazırlanıb. Həmin layihədə sözügedən məsələ ayrıca bənd kimi salınıb. Hesab edirəm ki, qanun qəbul olunan zaman bu məsələ də tam həll ediləcək".
Hər halda yeni qanunun tezliklə qəbul olunması hazırkı vəziyyətdə vacib məsələdir. Axı söhbət ana dilimizin qorunmasından gedir. Bu qanuna əməl edilməyəcəyi təqdirdə isə hələ bir necə nəsli itirə bilərik.