Bakıda “444-cü düşərgə” sənədli filminin təqdimatı keçirilib

Bakıda  “444-cü düşərgə” sənədli filminin təqdimat mərasimi keçirilib. APA TV-nin məlumatına görə,  film 1945-ci ilin sentyabrından 1951-ci ilin əvvəllərinədək Mingəçevir şəhərinin və su bəndinin tikintisində iştirak etmiş alman əsirlərinin taleyindən bəhs edir. Filmdə əsir alman zabiti Villi Deşin sonralar yazdığı gündəlikdən istifadə edilib.

 

Həmin vaxt alman əsirləri ilə təmasda olan, onların mühavizəçisi olmuş, onlarla bir yerdə işləmiş adamların təəssüratları var. Həmin vaxt alman əsrlərinin düşərgəsinin rəhbəri olan İslam İslamzadə ilə bağlı maraqlı məqamlar var. Filmdə bir sıra tarixi  xronikalar yer alıb. Mingəçevirdə həmin vaxt tikinti zamanı əsirlərin işləməsi, tikintiyə necə başlanılması, ilk dövrdən şahid ifadələri yer alıb.

 

Villi Deş ilk əsirlik günündən, azad olunub Almaniyaya yola salınacan gündəlik yazıb. Həmin gündəlikdə o, müxtəlif peyzajlar çəkib, adı bizlərə məlum olmayan azərbaycanlıların portretlərini kağız üzərinə köçürüb. Deşin gündəliyində Mingəçevirin hələ tikilməmişdən öncəki fotosu, Kürün üzərindəki körpünün və digər obyektlərin dəqiq çertyojları təsvir edilib. Yerli əhali haqda olduqca müsbət fikirdə olan Villi Deş müstəqillik dönəmində Azərbaycana gəlib, Mingəçevirdə olub. Almanların dəfn olunduğu qəbiristanlığın necə abad və səliqəli olduğundan təsirlənib. Həmin gündəlik Media İnkişaf Mərkəzinin vəsaiti hesabına tərcümə edilib. Təqdimatdan sonra təəssüratlarını bölüşən qonaqlar filmin professional çəkilərək, xarici ölkələrdə nümayiş olunmasını tövsiyə ediblər.

 

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  icra olunub.

Müəllif | Apa.Tv
Apa.tv