Bakı Dairəvi yolunda yenilik

APA TV-nin toxunduğu problemlərdən biri həllini tapıb. Söhbət Dairəvi yoldakı yolayrıcında xəbərdarlıqedici və ya işıqqaytaran nişanın olmamasından gedir. Əvvəlcə dünənə qədərki vəziyyət barədə. Bakı Dairəvi yolunun Yeni Yasamala ayrılan hissəsində uzun müddətdir ki, təhlükəli vəziyyət hökm sürürdü. Xüsusilə, günün qaranlıq saatlarında sürücülər yoldakı dəmir arakəsmələr üzündən burada qəza təhlükəsi ilə qarşılaşırdılar. Yolda Yeni Yasamal qəsəbəsinə dönmək üçün işarə olsa da, dəmir arakəsməni fərqləndirən heç bir nişan yox idi, yol isə elə indinin özündə də normal işıqlandırılmır. Nəticədə arakəsməni görməyən sürücülər qəza təhlükəsi ilə üzləşirdilər. Bu təhlükədən isə yayınmaq hamıya nəsib olmurdu. Biz çəkiliş apararkən arakəsmənin ətrafında şüşə qırıqları var idi, arakəsmənin özü deformasiyaya uğramışdı və bu, orada bir qədər əvvəl daha bir qəzanın baş verdiyini göstərirdi.

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov APA TV-yə açıqlamasında bildirmişdi ki, idarənin mütəxəssisləri problemlə yerində tanış olacaq və hərəkətin təhlükəsizliyinə cavabdeh olan şöbə müvafiq tədbirlər görəcək.

 

Nəhayət, dünən günorta saatlarında Dairəvi yoldakı yolayrıcına işıqqaytaran nişan quraşdırıldı. Beləliklə, artıq uzaqdan gələn maşınların sürücüləri də nişanı asanlıqla görürlər və Yeni Yasamala dönməkdə heç bir çətinlik çəkmirlər. İndi qalır o nişanın olduğu kimi qalmasına nəzarət etmək. Dairəvi yolla yük maşınları sıx hərəkət edir. Yeni Yasamala ayrılan yolda səhər saat 8-dən axşam saat 9-adək yük maşınlarının hərəkəti qadağan edilsə də, bu qadağaya məhəl qoyan yoxdur. Bu isə tamam başqa bir problemdir və fərqli reportajın mövzusudur. Amma bu yoldan iritonnajlı maşınlar tez-tez keçdiyindən yerdən qoyulan nişan və işarələrin üstü yağışlı havalarda palçıq olur, həftələrlə təmizlənmir. Nəticədə nişan işıq qaytarmaq funksiyasını itirmiş olur. İnanmaq istərdik ki, təzə quraşdırılan nişan bu aqibəti yaşamayacaq və istənilən hava şəraitində sürücülərə yardım edəcək.

 

Bütün hallarda, KİV-lərin toxunduğu problemlərin həlli müsbət amildir və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin operativ reaksiyası təqdirəlayiqdir. Mətbuatın ölkənin irili-xırdalı problemlərinin həllindəki rolunun artması həm dövlət orqanlarının, həm də vətəndaşların işini asanlaşdırır. Bizim işimiz problemləri göstərməkdir və işimizi görürük. Hamı öz işini vaxtında və məsuliyyətlə görəndə problemlər aradan qalxmış olur. Elə neçə ildir mövcud olan, neçə-neçə qəzaya, insanların ölümünə və yaralanmasına yol açan bu problem kimi.

 

Müəllif | Apa.Tv