Günəşdə güclü geomaqnit qasırğası başlayıb
Günəşin səthində cəmi 45 ləkənin və 1 fəallıq qrupunun müşahidə olunmasına baxmayaraq, dünən başlayan geomaqnit həyəcanlanması bu gün ərzində geomaqnit qasırğasına çevrilib.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib. Onun sözlərinə görə, yaxın 2 gün ərzində alışma baş verəcəyi təqdirdə radiodalğalarda qısamüddətli sönmələr və radiasiya fırtınaları yarana bilər. Qasırğa getdikcə nisbətən zəifləsə də, geomaqnit həyəcanlaşması yaxın 3 gün ərzində davam edəcək. Bunun səbəbi Günəş səthində hazırda mövcud olan “tac dəlikləri”ndən başlanğıcını götürən yüksək sürətli Günəş plazma küləyinin təsiridir.
Elçin Babayev qeyd edib ki, geomaqnit qasırğası sağlam insanlar üçün heç bir narahatlıq törətmir, lakin risk qrupuna daxil olan insanlar həkim məsləhəti əsasında profilaktik tədbirlər görməlidir.