"Qarabağ" "Yanq Boyz"u darmadağın etdi - QOLLAR
UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında İsveçrənin “Yanq Boyz” klubunu qəbul edib.
Matça fəal başlayan Qurban Qurbanovun yetirmələri artıq 4-cü dəqiqədə hesabı açıb. Braziliyalı Riçard Almeyda həmyerlisi Reynaldoya qarşı kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib.
İlk hissədə aşkar üstünlüyə malik olan ağdamlılar bir də hissənin sonlarında fərqlənib. İlk qolun səbəbkarı Reynaldo bu dəfə özü fərqlənib. Bu qol 43-cü dəqiqəyə təsadüf edib.
Təmsilçimiz oyunun ikinci hissəsində də üstün oyununu davam etdirib. 61-ci dəqiqədə Əfran İsmayılov hesab arasındakı fərqi 3 topa çatdıraraq darmadağının əsasını qoyub.
Qalan dəqiqələrdə başqa qol olmayıb və böyük hesablı qələbə qazanan "Qarabağ" ikinci dəfə, həm də ardıcıl olaraq UEFA Avropa Liqasının qrup mərhələsində oynamağa haqq qazanıb.