"Qəbələ" qrupda! Yunanıstan şokda!
UEFA Avropa Liqası pley-of mərhələsinin cavab qarşılaşmaları keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” Yunanıstanda “Panatinaikos”la cavab oyununa çıxıb.
Matçın gedişində iki dəfə hesabda irəli keçən "Qəbələ" hər iki halda rəqibin cavab qolunu vurmasına əngəl ola bilməsə də, yekunda sevinən tərəf olub.
Dodo matçın 6-cı dəqiqəsində erkən qol vuraraq stadionu sükuta qərq eləyib. Hissənin sonlarına yaxın yunanlar Berqlə cavab qolunu vursalar da, ikinci hissənin ilk 15 dəqiqəsinin tamamında Dodonun vurduğu ikinci qol növbəti dəfə şok effekti yaradıb.
Bu qolun cavabı isə 79-cu dəqiqədə verilib. Ancaq yunanların bundan artığına gücü çatmayıb. Son ana qədər əzmlə çıxış edən "Qəbələ" tarix yazmağı bacarıb.
Bürünc mükafatçımız ikinci dəfə qatıldığı Avropa Liqası turnirində qruplara qalaraq ən böyük nailiyyətini qazanıb.