Telefon zəngi, qadın, qəzəb: Bakıda keçmiş polis niyə öldürüldü? TƏFƏRRÜAT

Bakıda keçmiş polisin öldürülməsi ilə nəticələnən silahlı insidentin baş vermə səbəbi məlum olub. APA TV-nin "Vesti.az"a istinadən verdiyi xəbərə görə, hadisə paytaxtın Nizami rayonu, Məhsəti küçəsində yerləşən "Şuşa" restoranında qeydə alınıb. Xatırladaq ki, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Qalib oğlu Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir Fəxrəddin oğlu İbrahimovu tapançadan atəş açmaqla öldürüb.

 

Daha sonra Rövşən Həsənov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb. Bu zaman o, idarə etdiyi maşını Rəşad Zakir oğlu Məmmədovun idarə etdiyi “Toyota” markalı avtomobilə çırpıb. Nəticədə Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törədən Rövşən Həsənov saxlanılıb. Qətlə yetirilən Nadir İbrahimov keçmiş polis əməkdaşı olub. Saxlanılan Rövşən Həsənovun üzərindən "Makarov" tipli tapança götürülüb. Məlum olub ki, Rövşən Həsənov Nadir İbrahimovu qız üstündə güllələyib.

 

"Şuşa" kafesində Rövşən Həsənovla bərabər olan qadının mobil telefonuna zəng gəlib. Telefonu Rövşən Həsənov açıb. Kişi səsi eşidən Rövşən qəzəblənib və kimin zəng etdiyi ilə maraqlanıb. Bundan sonra Rövşən İbrahimovu söhbətə çağırıb. Nadir İbrahimov isə özünün də "Şuşa" restoranında olduğunu bildirib və onu gözlədiyini deyib. Üzərində silah olan Rövşən Həsənov Nadir İbrahimovun olduğu otağa girib və onu güllələyib. Bildirilir ki, Həsənov qətlə yetirdiyi şəxsin bədənin müxtəlif nahiyələrinə bütün "darağı" boşaldıb.

Araşdırma davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv