Liviya sahilləri meyitlərlə doldu: 200 miqrant dənizdə boğuldu
Aralıq dənizinin Liviya sahillərində göyərtəsində miqrantlar olan iki qayıq batıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, nəticədə 200 insan həyatını itirib. Hadisə baş verəndən bir müddət sonra əraziyə İtaliya və Liviya sahil mühafizə xidmətinin əməkdaşları gəliblər. Boğulanların meyitləri Tripoliyə aparılıb. İtkin düşənlər də var, onların sayı bilinmir.
Liviya xilasediciləri 200 nəfəri xilas ediblər. Onların 147-si Liviya paytaxtındakı qanunsuz miqrantların məskunlaşdığı mərkəzlərə gətirilib.
Belə faciəli hadisələr artıq mütəmadi olaraq baş verir:
"Biz açıq dənizdə batırdıq. Bizi daşıyan qayıq pis vəziyyətdə idi və çevrildi. İnsanlar gözlərimizin qarşısında boğulub ölürdülər. Liviya sahil mühafizə xidməti bizi xilas etdi. Biz onlara həyatımızı borcluyuq. Biz bu qayıqlarla üzməyə məcbur idik. Bu yol "ölüm yolu" adlanır, amma indi bu yol artıq Aralıq dənizində insanların qəbrinə çevrilib" deyə ölümdən xilas edilən miqrant bildirib.
Xatırladaq ki, Siciliya sahillərində təkcə iki gün öncə 3 min miqrant xilas edilib. Onların əksəriyyəti Afrika və Yaxın Şərq ölkələrinin vətəndaşlarıdır.
Bu ilin əvvəlindən Aralıq dənizində 2300-dən çox miqrant həyatını itirib.