Qəbələdə "Tarla günləri" çərçivəsində məhsul bayramı keçirilib

Qəbələ rayonunda “Tarla günləri” çərçivəsində məhsul bayramı keçirilib. APA TV-nin yerli bürosunun xəbərinə görə, aqrar sektorda son yenilikləri və imkanları özündə əks etdirən bu mərasimdə 300-ə yaxın yerli və xarici şirkətin, fermer təsərrüfatının 2000-dən çox nümayəndəsi iştirak edib. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri, təşkilat komitəsinin sədri Əbülfəz Məlikov iştirak ediblər.

 

“Kənd təsərrüfatı ili” çərçivəsində may-avqust aylarında Qəbələdə keçirilən “Tarla günləri”nin əhəmiyyətindən danışan qonaqlar bildiriblər ki,  “Gilan Holdinqin” təşkil etdiyi bu məhsul bayramında əsas məqsəd aqrar sektordakı son yenilikləri və imkanları təqdim etməklə yanaşı, istehlakçıları və ixracatçıları bir araya gətirməkdən ibarətdir. “Gilan Holdinq”in kənd təsərrüfatı sektorunun müdiri, təşkilat komitəsinin sədri Əbülfəz Məlikov bildirib ki, 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan olunması ilə bağlı prezident İlham Əliyevin sərəncamı Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi, bu sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub.


"Birinci dəfədir ki, ölkəmizdə "tarla günləri" keçirilir. Məqsəd elmin, bank sektoru, fermerlərin birləşməsidir. 52 müəssisə iştirak edib. 200 dən çox təşkilat qatılıb. 3-4 min nəfərə yaxın fermer yığışmışdı. Çalışırıq ki, bu ilbəil olsun".

 

“Tarla günləri” layihəsi aqrar sahənin inkişafına xidmət edir. Kənd təsərrüfatı ilə məşğul olan hər bir fermer “Tarla günləri” layihəsi çərçivəsində Qəbələ rayonunda ayrılan 28 hektar topaq sahəsində may-avqust ayları ərzində əkin, becərmə və biçin işlərini həyata keçiriblər, məhsullarını nümayiş etdirə biliblər. Bununla yanaşı, aqrotexnika ilə məşğul olan 4 şirkət öz texnika və avadanlıqlarını, gübrə satışı ilə bağlı 6 şirkət, yemçilik üzrə 2 şirkət, bitki və toxumçuluq üzrə 11 şirkət, eləcə də Azərbaycanın ən tanınmış şirkəti olan “Gilan Holdinq” müxtəlif çeşiddə istehsal etdiyi məhsullarını nümayiş etdirib.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov