Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri bəyanat imzaladılar

Antalyada Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Raşid Meredov arasında üçtərəfli görüşü keçirilib.

 

APA TV-nin çəlumatına görə, görüşdə hər üç ölkənin həyata keçirdiyi və müxtəlif sahələri əhatə edən layihələr, o cümlədən enerji, nəqliyyat, turizm və idman, regional əməkdaşlıq, ikitərəfli münasibətlər və digər maraq doğuran məsələlər müzakirə olunub.

 

Nazirlər görüşdə çıxış ediblər.

 

Son aylar Türkiyə Respublikasında törədilən terror aktlarını qətiyyətlə pisləyən nazir Elmar Məmmədyarov bildirib ki, Azərbaycan terrorizmlə mübarizədə qardaş Türkiyə dövlətinin yanındadır. Şəhidlərin doğmalarına başsağlığı verən nazir deyib ki, terror, ekstremizm və təcavüzkar separatçılıqla müşayiət olunan mövcud təhlükəli çağırışların qarşısının alınması, dövlətlərimizin müstəqilliyinin möhkəmləndirilməsi və regionda dinamik inkişaf üçün münbit şəraitin təmini naminə təhlükəsizlik sahəsində əməkdaşlığın davam etdirilməsini zərurətə çevirir.

 

Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması regionda sülhə, əmin-amanlığa ən böyük təhdid, o cümlədən regional əməkdaşlığın inkişafına da ciddi maneədir. Elmar Məmmədyarovun sözlərinə görə, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə və soyqırımı kimi insanlıq əleyhinə ağır cinayətlərlə müşayiət olunmuş işğalçılıq siyasəti onu bütün regional inkişaf proseslərindən kənarda qoyub.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, tərəflər üçtərəfli münasibətlərin inkişafına yüksək dəyər verir. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Türkmənistan regionda həyata keçirilən iqtisadi layihələrin mərkəzində dayanır.

 

Türkmənistanın xarici işlər naziri Raşid Meredov qeyd edib ki, üçtərəfli görüşdə müzakirə olunan məsələlər, o cümlədən həyata keçirilən layihələr Azərbaycan, Türkiyə və Türkmənistanın dövlət başçılarının növbəti Zirvə görüşünə hazırlıq xarakteri daşıyır.

 

Sonra nazirlər üçtərəfli görüşdə Antalya Bəyanatını imzalayıblar. Bəyanatda deyilir ki, hər üç ölkə bundan əvvəl keçirilən üçtərəfli görüşlərdə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə sadiqdir. Sənəddə vurğulanır ki, xarici işlər nazirləri səviyyəsində keçirilən sayca üçüncü görüş də ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişafına töhfə verəcək.

 

Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın, Türkiyənin və Türkmənistanın rolunun vurğulandığı bəyanatda bildirilir ki, xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Azərbaycanda keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv