Ağdamda ağır qəza: ana və oğlu ölümdən döndü
Ağdamda 4 nəfərin ağır xəsarət almasıyla nəticələnən yol qəzası baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Borsunlu-Hindarx yolunun Ağdam rayonunun Alıbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Laçın rayonundan məcburi köçkün, 48 yaşlı Mövlanverdiyev Vidadi Mövlan oğlunun idarə etdiyi "VAZ-21099" markalı avtomobillə Ağdam rayonunun Quzanlı-1 qəsəbəsində məskunlaşmış məcburi köçkün, 49 yaşlı Mirzəyev Şakir İsmayıl oğlunun idarə etdiyi "VAZ-2101" markalı maşın toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü və Vidadi Mövlanverdiyevin sərnişinləri - həyat yoldaşı 39 yaşlı Məmmədova Şərafət Firiş qızı və oğlu, 16 yaşlı Mövlanverdiyev Mövlanverdi Vidadi oğlu müxtəlif bədən xəsarətləriylə Ağdam Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Bərdə MRX-ya çatdırılıblar. Hər iki sürücünün vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.