PKK-dan iki terror aktı: polis şəhid oldu, 24 nəfər yaralandı

Türkiyənin Mardin vilayətinin Qızıltəpə qəsəbəsində terror aktı törədilib. APA TV-nin məlumatına görə, PKK terrorçuları yerüstü keçidin altına partlayıcı yerləşdiriblər. Partlayıcı çevik qüvvə şöbəsinə aid zirehli avtobus keçərkən işə salınıb. İlkin məlumata görə, partlayış nəticəsində 24 nəfər yaralanıb. Yaralılardan 10-u polis əməkdaşı, 14-ü mülki şəxsdir. Yaralılar Qızıltəpə və Mardindəki müxtəlif xəstəxanalara yerləşdirilib.

 

Partlayış nəticəsində yerüstü keçidin bir hissəsi çöküb, ətrafdakı ev və ofislərin pəncərə şüşələri sınıb.

 

Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə irimiqyaslı əməliyyat başlayıb.

 

Tunceli vilayətinin Nazimiyə rayonunda da polis əməkdaşlarına hücum olub. Terrorçular qumbaraatan və iri çaplı silahlardan istifadə ediblər. Hadisə nəticəsində ağır yaralanan polis əməkdaşı helikopterlə Elazığa çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə nəticəsində daha bir dinc sakinin yüngül yaralandığı bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv