Mxitaryan Azərbaycana buraxılacaqmı? QALMAQAL YARANA BİLƏR

UEFA Avropa Liqasının qrup mərhələsinin püşaktması nəticəsində Azərbaycanın "Qəbələ" və Almaniyanın "Borrusiya" klubları eyni qrupa düşdükdən sonra diqqət Dortmund klubunun erməni futbolçusu Henrix Mxitaryana yönəlib. Daha doğrusu, onun oktyabrın 22-də “Qəbələ” ilə qarşılaşmada iştirak etmək üçün Azərbaycana gəlib-gəlməyəcəyi müzakirə mövzusuna çevrilib.

 

Belə ki, Henrix Mxitaryan Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edib. O, Ermənistan Futbol Federasiyasının rəhbəri Ruben Ayrapetyan və qurumun digər rəsmiləri ilə Xankəndidə olub. Bundan başqa, “Borrusiya”nın futbolçusu Qarabağ separatçılarının ailələrinə mütəmadi göstərdiyi maddi yardımla da tanınır.

 

Bu məsələ Almaniya mətbuatının da diqqətini cəlb edib. Bu ölkənin “Bild” qəzeti yazıb ki, Azərbaycanın işğal altındakı ərazilərinə səfər edən əcnəbilər rəsmi Bakı tərəfindən “qara siyahı”ya salınır və Henrix Mxitaryanın da adı bu siyahıda ola bilər. “Borrusiya”nın sözçüsü Saşa Fliqe bildirib ki, Henrix Mxitaryan Dortmund klubu üçün çox vacib oyunçudur.

 

Henrix Mxitaryanla bağlı məsələyə UEFA rəhbərliyi səviyyəsində də münasibət bildirilib. Püşkatmadan dərhal sonra təşkil olunmuş mətbuat konfransında UEFA prezidenti Mişel Platiniyə bununla bağlı sual ünvanlanıb. Əvvəlcə qitənin ali futbol qurumunun baş katibi Cianni İnfantino deyib ki, UEFA erməni futbolçununun “Qəbələ” ilə Azərbaycandakı oyunda iştirakına çalışacaq.

 

Mişel Platini də erməni futbolçunun Azərbaycanda meydana çıxmağının problem olmayacağını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv