Ərdoğan keçici hökuməti təsdiqlədi: Türkeş baş nazirin müavini oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğlunun təklif etdiyi keçid hökumətinin tərkibini təsdiqləyib. APA TV-nin məlumatına görə, Ərdoğan müvəqqəti nazirlərin siyahısını təsdiqləməzdən əvvəl Davudoğlunu qəbul edib. Görüş 1 saat 10 dəqiqə davam edib. Daha sonra Əhməd Davudoğlu jurnalistlərin qarşısına çıxıb və siyahını açıqlayıb. Türkiyənin hazırkı nazirlərindən 13-ü yeni tərkibdə də qalıb. Bundan başqa, siyahıya 11 yeni ad da əlavə edilib.

 

Siyahıda Milliyətçi Hərəkat Partiyasının (MHP) qurucusu Alparslan Türkeşin oğlu, bu partiyadan seçilmiş millət vəkili Toğrul Türkeşin də adı var. O, müvəqqəti hökumətdə baş nazirin müavini olacaq.

 

Xalqların Demokratik Partiyasından (HDP) yeni kabinetə iki nəfər daxil edilib. Əli Heydər Qönçə Avropa Birliyi naziri, Müslüm Doğan isə inkişaf naziri təyin edilib.

 

Qeyd edək ki, Türkiyə Cümhuriyyəti tarixində ilk dəfə seçki hökuməti qurulub. Hökumətin əsas vəzifəsi ölkəni 1 noyabrda keçiriləcək erkən seçkiyə qədər idarə etməkdir.

 

Uzun müddətdən bəri XİN icra aparatının rəhbəri vəzifəsində olan Firidun Sinirlioğlunun yeni hökumətdə xarici işlər naziri vəzifəsinə təyin edilməsi diqqəti cəlb edib.

 

Böyük Birlik Partiyasının (BBP) sədri Möhsün Yazıçıoğlunun 27 mart 2009-cu ildə helikopter qəzasında həlak olmasından sonra bir müddət partiyaya rəhbərlik edərək daha sonra AKP-yə keçən və 7 iyundakı seçkidə millət vəkili seçilən Yalçın Topçu mədəniyyət və turizm naziri vəzifəsinə gətirilib.

 

Konstitusiyanın tələbinə görə, seçki hökumətinə məclisdə təmsil edilmiş bütün partiyalardan nazir təyin edilməlidir. Lakin Cümhuriyyət Xalq (CHP) və Milliyətçi Hərəkat (MHP) partiyaları bundan imtina ediblər.

Müəllif | Apa.Tv
Apa.tv