Körpü uçdu, Göyçay-İsmayıllı yolu bağlandı
Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb. APA TV xəbər verir ki, ötən gecə yolun 2-ci kilometrliyində, İsmayıllı rayonu ərazisində sel sularını ötürən kanalın üzərində inşa edilmiş körpü üçüb və yol bağlanıb. Məlumata görə, sürücü Hümbət Növruzovun idarə etdiyi “SHAGMAN” markalı yük maşını mişar daşı ilə yüklü vəziyyətdə körpünün üzərindən keçərkən qəzalı vəziyyətdə olan körpü tamamilə dağılaraq, yararsız hala düşüb. Yedəyindəki yükü ilə birgə 80 ton ağırlığı olan “SHAGMAN” maşını körpünün üzərində asılı vəziyyətdə qalıb. Qəza zamanı sürücü xəsarət almasa da, yük maşını əzilib və hazırda onun kanaldan çıxarılması üçün iş aparılır.
Eni 6, uzunluğu 10 metr olan körpü və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu dağılaraq istismar müddətini başa vurub. Son vaxtlar böyük çalaların əmələ gəldiyi həmin yolda avtomobillərin hərəkəti mümkünsüz olub. Göyçay və İsmayıllı sakinlərinin ən çox istifadə etdiyi bu yol körpünün dağılması səbəbindən tamamilə bağlandığı üçün indi avtomobillər alternativ olaraq yaxınlıqdakı kəndlərin daxili yollarından istifadə edirlər.