Kirayə evlərin bahalaşması səbəbi: Təhsil mövsümü, əcnəbilər, yoxsa? -REPORTAJ

Bura Bakı metropoliteninin Neftçilər stansiyasının yaxınlığındakı ev bazarıdır. Kirayə ev verənlər də, kirayə ev axtaranlar da günün 12 saatını bura üz tuturlar. Elə ev dəllallarının - yəni maklerlərin də yığışdığı yer də buradır. Qarşıdan yeni dərs ili gəldiyindən bura bir canlanma var ki, gəl görəsən... Dəllallardan tutmuş ev sahiblərinə kimi hər kəs bilir ki, ali məktəb tələbəsinin  və onların valideynlərinin təhsil qayğılarından biri də qalmağa yer - yəni kirayə ev məsələsidir. Kirayə ev təklif edən tərəf də bunu yaxşı bildiyindən qiymətlərin bahalaşmasında maraqlıdır.

Uzun illərdir ev dəllalığı edən Məryəm Həsənova deyir ki, kirayə bazarında evlərin qiyməti elə bir həddə çatıb ki, bu günə kimi bazarda belə qiymət müşahidə edilməyib.

 

"Əgər ötən illər eyni bir mənzilin qiyməti 200-250 manat idisə hazırda bu qiymətin üzərinə ən azı 100 manat əlavə olunub. Hazırda 300-350 manatdan aşağı ev tapmaq mümkün deyil. Gün ərzində kirayə evlər üçün 50-60 adam müraciət edir". 

  

"Hər qiymətə ev var. Pulu az olan adamlar gedib paytaxtın ətrafında yaşayırlar. Həyət evlərində ev yiyələri ilə bərabər qalırlar. İmkanı olan adamlar da metro yaxınlığında və içində hər bir şəraiti olan ev istəyirlər".

 

Maklerlərlə söhbət zamanı o da məlum oldu ki, hazırda ev bazarında daha çox tələbat bir və iki otaqlı mənzillərdir. Bunun səbəbi isə bir neçə tələbənin və ya iş dalınca paytaxta gələn gənclərin bir yerə yığışaraq qalmaq istəyidir. Eyni zamanda yeni ailə quran gənclərin valideynlərdən kənarda yaşamaq istəyi də bu tip evlərə tələbatı artırır. Təbii ki, tələbat varsa deməli bazarda qiymət artımı da qaçılmazdır. Gənclər də cib yandıran qiymətlərdən narazıdır.

   

"Mən neçə illərdir kirayədə yaşayıram. Yeni ailə qurmuşam. Büdcəmə uyğun olaraq məcbur olub gedib şəhərdən kənarda yaşayıram. Hazırda 200 manata qalıram. Aylıq qazancımla kirayə pulu bir araya gəlmir".

 

"Təxminən bir aydır ki, kirayə ev axtarıram. Bütün evlər bahadır. İş yerimə yaxın ev axtardım metronun Neftçilər stansiyası yaxınlığında dedilər boş ev 300-350 manat, içərisi əşyalı evlər isə 500 manata. Kənd evləri var, orada çox uzaq olur. Elə yol pulu gəlib yenə eyni məbləğ edir".

 

Ekspertlər isə hesab edir ki, son aylar kirayə bazarında müşahidə edilən qiymət artımı ilk növbədə paytaxtın bəzi rayonlarında evlərin sökülməsi ilə bağlıdır. Ekspert Ramin Osmanlı deyir ki,  bu ilin iyun ayı ilə müqayisədə avqust  ayında kirayə evlərin qiymətində 15 faiz artım var. Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artım müşahidə edilir. 
 

"Qiymət artımı ötən illə müqayisədə 20 faiz artıb. Araşdırmalar göstərir ki, sentyabr ayında bu göstərici 30 faizə çatacaq. Hesab edirəm ki, dövlətin qarşısında duran ən vacib məsələlərdən biri sosial tipli evlərin yaradılmasıdır. Eyni zamanda tələbə yataqxanalarının bərpası vacibdir. Artıq təklif vermək vaxtı keçib, əməli işə başlamaq lazımdır".

 

Kirayə mənzil bazarında baş verən qiymət artımının digər səbəbini əcnəbilərin ölkəmizə, xüsusilə də paytaxta axını ilə əlaqələndirən Vüqar Bayramlı isə deyir ki, əcnəbilərin konfortlu mənzil axtarışı sonda qiymətlərə də öz təsirini göstərir.

 

"İl ərzində Azərbaycana iki milyon turist gəlir və onların əksəriyyəti də otellərdə deyil, fərdi evlərdə müvəqqəti yaşamağı üstün tuturlar və daha rahat şəraiti olan evlərə üstünlük verirlər. Bu isə kirayə mənzil bazarında rəqabət yaradır və getdikcə qiymət artımına səbəb olur".

 

"Bəs bu cür bahalaşmaların qarşısını almaq üçün hansı tədbirlərin görülməsi zəruridir?" sualının cavabında iqtisadçı bildirdi ki, hazırkı durumda hökumət mənzil bazarının qiymətlərini tənzimləyə bilməz. Çünki kirayə verilən evlərin əksəriyyəti müqaviləsiz verilir. Təbii ki, müqavilə olduğu halda dövlət bazarda nə qədər boş mənzilin olmasını hesablaya bilir. Bu isə həmin mənzillərin stabil qiymətə verilməsinə köməklik göstərə bilər.

 

"Əgər dövlət qiymət tavanını müəyyənləşdirirsə və müqavilə bağlanmırsa bu artıq qara bazarın yaranması deməkdir. Müqavilənin olmaması isə dövlətin bazarla bağlı dolğun məlumatları əldə etməsinin qarşısını alır. Hətta dövlətin bu sahədə inkişaf edən ölkələrin metodundan istifadə etməsinin də qarşısı alınır. Müqavilənin olması bir də ona görə vacibdir ki, bu müqavilələr hesabına evini kirayə verən şəxslərin vergi ödəməsinə nəzarət olunur. Bu həm də ona şərait yaradır ki, dövlət kirayə bazarında qiymətlərin tənzimlənməsini həyata keçirə bilsin".

 

Qeyd edək ki, son apardığımız araşdırma zamanı o da məlum oldu ki,  paytaxtın mərkəzində yerləşən evlərlə yanaşı şəhər ətrafı qəsəbələrə olan evlərin də qiymətində artım müşahidə edilir. Əvvəllər 200 manata olan evlərin qiyməti  hazırda 300-400 manat civarında dəyişir.

 

Araşdırmalar zamanı o da məlum oldu ki, kirayə mənzil axtaran insanların əksəriyyəti müxtəlif birja saytlarına girərək buradan kirayə evlərin qiyməti  ilə maraqlanır və müvafiq olanı seçib, kirayələyir. Bu tip saytlarda isə qiymətlər müxtəlifdir. Qiymətlər evin şəraitindən asılı olaraq 150 manatdan 5000 manata kimi dəyişir. Saytlara yerləşdirilən elanların baxılma sayına nəzər saldıqda isə aydın sezilir ki, müştərilər daha çox orta qiymətə - yəni 150-350 manat arası qiyməti dəyişən evlərə daha çox meyllənirlər. Hər halda  bu gün  tələbə üçün münasib ev tapmaq cek-pot qazanmaq kimi bir şeydir. Nə deyək, şansınız gətirsin! 

 

Müəllif | Apa.Tv