"Sulu təpə dairəsi"ndə tıxacın aradan qaldırılması üçün işlər görüldü
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək üçün bir müddətdir ki, başladığı kompleks tədbirləri davam etdirir. İstər küçə və prospektlərin, avtomobil yollarının təmir edilməsi, yeni yolların salınması, istərsə də tıxacların aradan qaldırılması üçün atılan müəyyən addımlar kompleks tədbirlərlərin tərkib hissəsidir.
Bu dəfə cəmiyyət tərəfindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, “Sulu təpə dairəsi”ndə tıxacların aradan qaldırılmasını təmin etmək üçün əlavə tədbirlər görülüb. Bundan öncə dairəyə Şamaxı istiqamətindən daxil olan nəqliyyat vasitələri dairədə hərəkətdə olan digər nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkətlərinə davam edə bilirdilər. Bu isə həmin istiqamətdə tıxacın yaranmasına səbəb olurdu. İndi isə həmin istiqamətdən gələn nəqliyyat vasitələri dairədə gözləmədən hərəkətlərinə davam edə bilirlər. Digər istiqamətdən daxil olan nəqliyyat vasitələri isə gözlədikdən sonra yollarına davam edirlər. Bunun üçün dairədə artıq müvafiq yol nişanları da quraşdırılıb.