Parlament seçkilərinin Təqvim Planı təsdiqləndi
“Xoşagəlməz hallardan heç kim sığortalanmayıb, seçki günü milyonlarla insan səs verir. Aşağı seçki komissiyasının üzvləri, namizədlər, müşahidəçilər tərəfindən xoşagəlməz hallara yol verilə bilər”. APA TV-nin məlumatına görə, bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. O, neqativ hallara dərhal reaksiya verilməsi və aradan qaldırılması üçün ictimaiyyətin bütün təbəqələrini əməkdaşlığa çağırıb:
“Beynəlxalq qurumlar da prosesi müşahidə etməli, nəyin düz, nəyin səhv olduğunu özləri qeyd etməlidirlər. Beynəlxalq müşahidəçi hansısa pozuntu halını eşidə bilər, ancaq bildirməlidir ki, bunu yalnız eşidib, görməyib”.
M. Pənahov qeyd edib ki, seçkinin nəticələrinin şübhə doğurmaması üçün seçki komissiyaları ilə əməkdaşlıq edilməlidir:
“Mən beynəlxalq qurumlara rəsmi məktub da yazdım. Araşdırmaq üçün beynəlxalq müşahidəçilər tərəfindən konkret faktlar təqdim olunmalıdır, çünki ümumi şəkildə deyilənlərin əhəmiyyəti olmur. Beynəlxalq qurumları tənqid etməkdən daha çox əməkdaşlıq etməyə çalışırıq. Beynəlxalq müşahidəçilər konkret tələblərə cavab verməlidirlər. Onları media təmsilçilərinin iştirakı ilə pozuntu hallarını təqdim etməyə çağırıram. Seçki pozuntuları Qərb ölkələrində də olur, ancaq yanaşma gərək ədalət çərçivəsində olsun. Yalnız gördükləri seçki hərəkətləri barədə fikir bildirməlidirlər”.
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə tədbirlərin Təqvim Planı təsdiqlənib.
MSK sədri Məzahir Pənahov xatırladıb ki, prezident İlham Əliyevin 28 avqust tarixli sərəncamına əsasən Milli Məclisə seçkilər bu il noyabrın 1-də keçiriləcək.
Təqvim Planına əsasən namizədlərin irəli sürülməsi prosesi bu gündən başlanır. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanır, 31 oktyabr saat 08:00-da dayandırılır.