Məzahir Pənahov: “Beynəlxalq qurumların MSK binasında otaq ayırmağa hazıram”

"Bizə daxil olan müraciətlər dərhal qeydə alınır və ictimailəşdirilir. Beynəlxalq qurumların nümayəndələrini rəsmi dəvət edirik ki, gəlin, bu proseslərin hamısında iştirak edin".

 

APA TV-nin xəbərinə görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

 

"Ünvanlanan məktub itirilə bilər. Amma KİV nümayəndələri, telekanalların kameraları qarşısında deyilən söz geri götürülə bilməz. Mən də KİV nümayəndələri qarşısında həmişə bunu xüsusi vurğulayıram. Hətta beynəlxalq qurumların hamısına Mərkəzi Seçki Komissiyasında otaq da ayırmağa hazıram ki, burada daimi nümayəndələri olsun. Biz bu standartla işləyirik”.

 

M.  Pənahov bildirib ki, MSK artıq 10 ildir ki, bu sistemlə çalışır: "Mən bunu yalnız KİV qarşısında deməklə kifayətlənmir, eyni zamanda həmin beynəlxalq təşkilatlara rəsmi məktub da göndərirəm, dəvət edirəm. Dünyanın bütün ölkələrində keçirilən seçkilərdə xoşagəlməz hallar baş verə bilər. Bu cür hallar 10 il sonra da keçirilən seçkilərdə baş verəcək. Azərbaycan da istisna deyil. Ancaq bu cür məsələlərə konstruktiv yanaşmaq lazımdır. Seçki komissiyalarının işi ondan ibarətdir ki, pozuntu hallarına dərhal adekvat reaksiya versin".

Müəllif | Apa.Tv
Apa.tv