Qəza törədən xanım sürücü xəsarət aldı - VİDEO
Ötən gecə Bakının Nərimanov rayonu ərazisində xanım sürücünün ehtiyatsızlığı yol qəzasına səbəb olub. APA TV-nin məlumatına görə, qəza Heydər Əliyev prospektində qeydə alınıb. Əmirbəyova Arifə Süleyman qızının idarə etdiyi "Hyundai" və Polad Misirovun idarə etdiyi "VAZ 2107" markalı nəqliyyat vasitələri şəhərin mərkəzindən metronun Koroğlu stansiyası istiqamətində hərəkət edib. Xanım sürücünün idarə etdiyi minik maşını birinci dərəcəli yolda, "Jicquli" isə ikinci dərəcəli yolda olub. Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişdiyi nöqtəyə çatan zaman "Hyundai" markalı avtomobil qəfildən "VAZ 2107" markalı minik maşınının qarşısına çıxıb.
Avtoqəza nəticəsində sürücü Arifə Əmirbəyova yüngül xəsarət alıb. İlkin ehtimal kimi xanım sürücünün ani diqqətsizliyi göstərilir. Hadisənin təfərrüatlarını Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ekspertləri araşdırır.