Qəbələ Mürəbbə Festivalından REPORTAJ
Qəbələdə III Beynəlxalq Mürəbbə Festivalı keçirilir. Festivalda 6 ölkədən, 30 şəhər və rayondan gətirilən müxtəlif çeşiddə mürəbbələr nümayiş olunur. APA TV-nin yerli bürosunun xəbərinə görə, festivalın təşkilatçıları Qəbələ rayon İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyinin Milli Kulinariya Mərkəzi, Milli Kulinariya Assosiasiyasıdır.
“Qafqaz Karvansaray” otelinin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, İran, Serbiya, Qırğızıstandan şirniyyatçılar, eləcə də Azərbaycanın 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər. Festivalın açılış mərasimində UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının prezidenti Karmen de Padella, səfirlər, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, 3 minə yaxın yerli və xarici turist iştirak edib.
İlk dəfə 2013-cü ildə keçirilən festivalda 11, ötən il 20, bu il isə 30 şəhər və rayondan, eləcə də 6 ölkədən şirniyyatçıların iştirak edib. Festivalın keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Festival təkcə Qəbələnin deyil, ölkəmizin bütün bölgələrinin zəngin mətbəx mədəniyyətinin daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynayır. Böyük inkişaf yolu keçən Qəbələ xalqımızın mətbəx mədəniyyətinin formalaşmasına mühüm rol oynayır. Ona görə də mürəbbə festivalı ənənəvi olaraq hər il Qəbələdə keçirilir.
Azərbaycan dünyanın ənənəvi mürəbbə sənətinin mərkəzləri arasında xüsusi yer tutur. Azərbaycan mürəbbələri çeşidinə və keyfiyyətinə görə digər ölkələrin məhsulundan daha üstün hesab edilib.
Karmen de Padella UNESCO-nun Dünya Xalq Yaradıcılığı Təşkilatının prezidenti
Təşkilatçılıq çox gözəldir. Regionların hər birindən gətirilən mürəbbələrdən daddım. Mən özüm üçün yeni kəşflər etdim. Mən heç bilmirdim ki, pomidordan, badımcandan mürəbbə düzəltmək olar.
Faik Buyrukçu Türkiyədən gələn mürəbbə bişirən komandanın rəhbəri
Festivala 10 çeşid mürəbbə qatılmışıq. İnşallah gələn dəfə 50 çeşidlə gələrik. Bizdə qarpız, gilas, çiyələk, heyva mürəbbəsi var. Azərbaycan üçün, Qəbələ üçün ölkənin tanıdılması üçün çox yaxşı tədbirlərdir.
Ölkəmizin mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə keçirilən Qəbələ mürəbbə festivalında rayonların hər birindən 8 çeşiddə mürəbbə hazırlayan 8 nəfərdən ibarət komanda, eləcə də həmin şəhər və rayonların bədii kollektivləri, xalq tətbiqi sənəti ustaları iştirak ediblər. Festival əvvəlcə yarış şəklində təşkil olunub. Bunun üçün xüsusi komissiya da yaradılıb. İştirakçılar müsabiqəyə gilas, böyürtkən, çiyələk, heyva, qoz, ərik, gül və gavalı mürəbbələri təqdim ediblər. Komissiya tərəfindən isə 19 nəfərdən ibarət münsiflər heyəti seçilib. Münsiflər heyətinin tərkibinə müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislər və digər ekspertlər daxil edilib.
Yarışlar bitdikdən sonra mürəbbələrin satışı üçün şərait yaradılıb və sərgi təşkil olunub. Festivalda şirniyyat komandaları tərəfindən təqdim olunan müxtəlif çeşiddə mürəbbələr, şirniyyat və meyvə şirələri yerli və xarici turistlərin böyük marağına səbəb olub. Qonaqlar mürəbbələrin dadına həvəslə baxıblar, onların hazırlanması üsulu ilə maraqlanıblar. Festival çərçivəsində xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-yarmarkalar, həmçinin, Qəbələnin bədii kollektivlərinin çıxışları da təşkil edilib. Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müəyyən edilib. Mürəbbə müsabiqəsində 3 nominasiya üzrə qaliblər elan olunub. Ölkələr arasında Rusiyanın Saxa (Yakutiya) Respublikasının komandası birinci, Türkiyə və Çuvaşiya komandaları ikinci, İran və Qırğızıstan komandaları üçüncü yeri tutub. Azərbaycanın şəhər və rayonları arasında isə Qəbələ (böyürtkən mürəbbəsi) birinci yeri, Şəki (ərik mürəbbəsi) və Zaqatala (gül mürəbbəsi) ikinci yeri, Goranboy (gilas mürəbbəsi) və Abşeron (gilas mürəbbəsi) üçüncü yeri tutub. İştirakçılar kubok, medal və qiymətli hədiyyələrlə təltif olunublar. Festivalda ən yaxşı iştiraka görə 3 şirkət və müəssisəyə də mükafatlar verilib. Festival maraqlı konsert proqramı ilə davam etdirilib. Qeyd edək ki, Qəbələ Mürəbbə Festivalının rəsmi informasiya dəstəyi APA TV-yə məxsusdur.