Azərbaycanda virussuz kartof yetişdiriləcək
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ilin sonunadək Azərbaycanda əlaqələndirmə ofisinin açılması gözlənilir. APA TV-nin məlumatıma görə, kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov deyir ki, FAO-nun Azərbaycanda əlaqələndirmə ofisinin açılması ilə bağlı təşkilat tərəfindən rəsmi olaraq Azərbaycan hökumətinə saziş təqdim olunub. Saziş müxtəlif dövlət qrumlarına göndərilib və rəy alınıb. FAO-nun əlaqələndirmə ofisi ölkəmizdə açılsa, Azərbaycan altıncı belə dövlət olacaq.
Nazir müavini bildirdi ki, FAO-nun texniki dəstəyi ilə Azərbaycanda virussuz kartofun yetişdirilməsi nəzərdə tutulur. Hətta FAO bunun üçün Azərbaycanda əksər ölkələrdə olmayan labaratoriya açıb.
Qeyd edək ki, Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış Milli Ortamüddətli Prioritetlər Çərçivəsinin icrasının qiymətləndirilməsi və 2013-2015-ci illər üçün yeni ölkə proqramı çərçivəsinin hazırlanması məqsədilə seminar keçirilib.