Bakıda üç maşın toqquşdu: 2 yaralı

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə Babək prospektində qeydə alınıb.

 

1964-cü il təvəllüdlü Heydərov Dinyar Heydər oğlunun idarə etdiyi "Ford" markalı yük maşını Babək prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanmış "Range Rover"ə çırpılıb. 1995-ci il təvəllüdlü Əliyev Murad  Nəriman oğlunun idarə etdiyi "Range Rover" zərbənin gücündən yolun əks istiqamətində çevrilib və işıqforda dayanmış "Mercedes"ə dəyib.

 

Qəza nəticəsində "Ford"un sürücüsü 51 yaşlı Dinyar Heydərov və "Range Rover"dəki sərnişin, 21 yaşlı Fərid Şərifəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə çağırılmış iki təcili tibbi yardım briqadasının həkimləri yaralılara hadisə yerində ilkin yardım göstəriblər, sonra isə hər iki şəxs xəstəxanaya çatdırılıb.

 

İlkin məlumata görə, "Ford"un sürücüsü sərxoş olub. O, işıqforun qırmızı işığında dayanmış "Range Rover" və "Mercedes"in arasından keçmək və hərəkətini davam etdirmək istəyib. Lakin məsafəni düzgün hesablamayan sərxoş sürücü qəzaya səbəb olub.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv