Qax sakinini çaqqal dişlədi

Qax sakini vəhşi heyvanın hücumuna məruz qalıb.

 

Qax Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, rayonun Lələli kənd sakini, 1967-ci il təvəllüdlü Çərkəz Oruc oğlu Məmmədov çaqqal dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 48 yaşlı Çərkəz Məmmədov gecə saatlarında qonşuya gedərkən çaqqal ona hücum edib. Çaqqal Çərkəz Məmmədovun sol əlini, sağ ayağını və qarın nahiyəsini dişləyib. Zərərçəkənə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.


Çərkəz Məmmədovun oğlu Samir evdə oturarkən atasının qışqırıq səslərini eşitdiyini söyləyib. Elə evinin önündə çaqqalın hücumuna məruz qalan Çərkəz kişinin köməyinə qonşuları və yoldan keçən sürücü çatıb. Yalnız onların səyi nəticəsində çaqqal öldürülüb.

 

Qax rayon Baytarlıq İdarəsindən APA TV-yə verilən məlumata əsasən, dərhal hadisə yerinə baytarlıq idarəsinin əməkdaşları cəlb olunub və ölmüş çaqqalın başı kəsilərək Zona Baytarlıq Laboratoriyasına göndərilib, oradan isə Respublika Baytarlıq Laboratoriyasına aparılacaq. Çaqqalın quduz olub-olmaması quduzluğa qarşı müayinədən sonra bilinəcək. Leş isə kənddən kənar ərazidə basdırılıb.

Müəllif | Apa.Tv
Apa.tv