Paytaxtda minik maşını benzindaşıyan avtomobilə çırpıldı: 2 ölü, 2 yaralı

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb. APA TV-nin məlumatına görə, qəza Zabrat-Maştağa yolunda qeydə alınıb.

 

"VAZ-2172" markalı minik maşını Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıda gedən və "Azpetrol" şirkətinə məxsus MAN markalı benzindaşıyan avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində minik maşınının sürücüsü, 40 yaşlı Elman Şirin oğlu Ağayev və sərnişin, 38 yaşlı Rövşən Əhmədağa oğlu Quliyev hadisə yerində ölüblər, avtomobildəki digər sərnişinlər - 42 yaşlı Mirvaleh Mirsaleh oğlu Əzizov və 33 yaşlı Əli Arif oğlu Şərifov ağır xəsarətlər alıblar. Hər iki yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya "VAZ-2172" markalı avtomobilin sürücüsünün sürət həddini aşması səbəb olub.

 

Qeyd edək ki, MAN markalı yük maşını hadisə baş verən vaxt Zabrat-Maştağa yolunda geriyə dönüş edirmiş. 

Müəllif | Apa.Tv
Apa.tv