Şirvanda “Yay kinoteatrı” yenidən açıldı

Şirvanda “Yay kinoteatrı”nın əsaslı təmir və bərpadan sonra açılışı olub.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Şirvanda SSRİ dövründə fəaliyyətdə olan, sonradan baxımsızlıqdan sıradan çıxaraq fəaliyyətini dayandıran “Yay kinoteatrı” əsaslı təmir və bərpadan sonra tamaşaçıların istifadəsinə verilib.

 

1450 kvadratmetr sahəsi olan "Yay kinoteatrı" yenidən qurulub. 330 ədəd tamaşaçı tutumu olan kinoteatrın səhnəsi yeni tərtibatda qurulub. İşıqlandırma sistemi və səhnəyə yeni müasir avadanlıqlar quraşdırılıb. Kinoteatrın ümumi görkəmi dəyişdirilib, ətrafında yaşıllaşdırma və abadlıq işləri görülüb.

 

Açılış mərasimindən sonra 600-dən yuxarı bal toplayıb tələbə adını qazanan Şirvan şəhərinin orta məktəblərinin məzunlarına qiymətli hədiyyələr verilib. Sonda "Yay kinoteatrı"nda respublikanın tanınmış incəsənət ustaları maraqlı konsert proqramları ilə çıxış edib.

 

Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov və millət vəkili Azay Quliyev iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv