Yoqa ilə məşğul olun, amma... XÜSUSİ REPORTAJ
Dünya onunla əsrlər öncə tanış olub. Mən isə bir təsadüf nəticəsində Almaniyadan gələn qonağım sayəsində məlumat aldım.
Yoqa... İnsanın qurtuluşunu ruhun təkamülündə görən qədim fəlsəfi sistem... Yoqa insanda özünəinam yaradır. Ən başlıcası isə fiziki sağlamlıq deməkdir. Əsəbdən, gərginlikdən qurtulmağın ən qədim və sağlam yollarından biri...
Qədim Hindistanda yaranan yoqa bu gün də insanlar üçün sağlamlıq və rahatlığın təminatıdır. Yoqa sözü öz mənşəyini sanskrit dilindəki "yuq" sözündən götürüb ki, bu da tərcümədə vəhdət, əlaqə, harmoniya mənasını verir. Bu gün gərgin iş rejimində çalışan insanlar, uşaqdan tutmuş böyüyə qədər hər kəs yoqa ilə məşğul olmağa can atır.
Yoqa kursları Bakıda sayca az olsa da, hədəflərinə çatmaq üzrədir. Kurslardan birinə baş çəkib orada baş verənləri, kurs iştirakçılarının yaşadıqlarını, onlara öyrədilənləri, bir sözlə, hər şeyi müşahidə etdik. Yoqa dərsləri adətən bağlı məkanda, xüsusi zallarda keçirilir. Amma bu dəfə fərli məkanda - açıq havada, təbiət qoynunda keçirilən seminarı izlədik.
Səhhətində yaranan ciddi problem nəticəsində məcburiyyət qarşısında müalicə məqsədilə yoqa dərslərinə qoşulan Elçin Şirinov deyir ki, illər sonra bu məcburiyyət bir sevgiyə çevrildi. Yoqa dərslərinə olan sevgisi öz üzərində çalışmağa və nəticə etibarilə peşəkar yoqa müəllimi olmasına səbəb oldu: "Hatha yoqa asanardan, pronayamalardan ibarətdir. Biz studiyamızda bütün yoqa növlərindən dərs keçirik. Dərslər zamanı həm tək, həm də qrupla məşğul oluruq. Qeyd edim ki, tək yoqa ilə məşğul olmaq qrupla məşğul olmaqdan fərqlidir. Qrupda daha bol enerji olur. Hər kəsin müsbət enerjisi birləşəndə yüksək aura yaranır və effektiv nəticə əldə etmək olur. Həm də təbiətdə edilən yoqa daha səmərəli olur. Biz enerjini açıq havadan alırıq və ruhumuz, beynimiz təmizlənir".
Mütəxəssis deyir ki, yoqanı təkcə poza, idman deyil, əsl mənasında başa düşmək lazımdır. Yoqa ilkin olaraq induizmin ortodoksal 6 fəlsəfi məktəbindən biridir. Daha geniş mənada isə insanın varlığında, strukturunda, dünyagörüşündə mühüm dəyişikliklər edə bilən psixo-fiziki təlimdir.
Yoqa təkcə bədəni deyil, beyini və ruhu da qaydasına salır. Yoqa ilə məşğul olan insan problemləri, həyatdakı çatışmazlıqları başqaları ilə müqayisədə daha rahat şəkildə qəbul edir.
Ülviyyə Süleymanova da 10 ilə yaxındır ki, yoqa ilə məşğul olur. Bu sahədə ilk təcrübəsini Moskvada yoqa kurslarında alıb. O hesab edir ki, yoqa insanın məqsədinə çatmaqda kömək edən nəhəng bir təlimdir: "Yoqanın fenomeni insanın orqanizmində psixo-fizioloji dəyişikliklər aparan bir təlimdir. Yoqa ilə məşğul olub nəticə əldə etmək təbii ki, bir günün, bir ayın içində baş vermir. Bu inkişafı tədricən insan məşğələlər zamanı hiss edir. Beyin, ağıl susan zaman insan kainatla birləşir. O zaman insan informasiya bankından ona lazım olan məlumatı alır. Əslində yoqa insan həyatında böyük dəyişikliklərə səbəb olan bir sistemdir".
Yoqa insan psixologiyası ilə yanaşı, həm də sağlamlıq problemlərinə də müsbət təsir göstərir. Təlimçilər deyir ki, onurğanın daha sağlam olması, ürək-qan-damar xəstəliklərinin müalicəsi zamanı yoqa ilə məşğul olmaqla müsbət nəticəyə daha tez nail olmaq mümkündür. Yoqa təlimində olan nəfəs texnikaları isə ağciyər, bronxları yaxşılaşdırmaq üçün təklif edilir.
Eyni zamanda bir sıra insanlar yoqanı cavanlaşmanın mənbəyi hesab edirlər.
Elçin Şirinov: "Bəzən elə insanlar olur ki, onlar internetdə hər hansı bir videoya baxıb onu təkrar etməyə çalışırlar. Bu isə onlarda həm psixoloji, həm də fiziki zədə yarada bilir. Bu səbəbdən yoqa ilə məşğul olmaq istəyən hər kəs ilk növbədə peşəkar yoqa təlimçilərinə müraciət etsin. Əks halda, xeyrindən çox fəsadlarını görə bilərlər. Fəsadları isə əsasən hansısa hərəkəti edərkən fiziki zədə almalarıdır".
Ülviyyə Süleymanova: "Yoqa ilə məşğul olan zaman beyində olan xoşbəxtlik hormonu ifraz edilir. Bu zaman insan hüceyrələrində cavanlaşma baş verir. Elə buna görə də yoqaya daha çox qadınlar müraciət edir. Onların üz əzələlərində cavanlaşma prosesi gedir".
Təlimçilərdən onu da öyrəndik ki, əgər insan yoqa ilə məşğul olarkən onun bədənində hər hansı bir gərginlik olarsa, o, artıq yoqa deyil, sadəcə, aerobika və gimnastikadır. Çünki yoqanın ən başlıca məqsədi əzələ və beyin dincliyidir.
Bəs yoqa ilə məşğul olmaq üçün ən optimal vaxt və ya yaş nə zamandır?
Mütəxəssislər deyir ki, sübh tezdən günəş doğan zaman yoqa ilə məşğul olmaq ən doğru zamandır. Çünki gecədən beyin dincəlmiş olur və insan psixi vəziyyətini nizamlamaq üçün əla fürsət qazanır. Lakin hər hansı müalicə məqsədi ilə yoqadan istifadə edənlər üçün axşam saatları məsləhət görülür. Bu zaman bədən daha elastik olduğundan, hərəkətlər daha rahat edilir. Bununla belə, hər bir insanın özünəməxsus bioritmləri olduğundan, yoqa üçün ən uğurlu vaxt hər kəs üçün fərqli ola bilər.
Bütün bu deyilənlərdən nəticə çıxır ki, yoqa təlimi bugünkü elmə təsir etmiş ən güclü mistik cərəyanlardan biridir. Kimin üçün sağlamlıq, kimin üçünsə sadəcə hobbiyə çevrilən yoqa əslində fəlsəfi təlim olaraq dünyada tanınır və yaranışından min illər keçməsinə baxmayaraq, sevilir və inkişaf edir.